Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun Azərbaycan alimlərinin I qurultayında çıxışı
Hörmətli Akif müəllim,
Hörmətli qonaqlar,
Hörmətli qurultay iştirakçıları,
Böyük məmnuniyyət hissi ilə mən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və öz adımdan qurultay iştirakçılarını ürəkdən salamlayır və qurultayın işinə uğurlar arzulayıram. İlk dəfə keçirilən bu qurultay respublikamızın həyatında mühüm bir hadisədir. Burada respublikanın bütün elmi təşkilatlarını təmsil edən hörmətli alimlərimiz toplaşıb. Qurultayda müzakirə olunacaq məsələlər, buradan çıxacaq yeni ideyalar, qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyətlidir.
Son illərdə bütün sahələrdə olduğu kimi, elm sahəsi də inkişaf edir, respublikada aparılan iqtisadi islahatlarda alimlərimiz yaxından iştirak edir. Elmə ayrılan vəsaitlər hər il artırılır, onun maddi-texniki bazası genişlənir və müasirləşdirilir. Bunun nəticəsidir ki, “Thomson Reuters” Agentliyinin biliklərin qiymətləndirməsinə görə Azərbaycan alimləri tərəfindən çap olunan elmi işlərə istinadların sayı ildən-ilə artır. RYTN, BDU və AMEA-nın birgə təsis etdiyi “Applied and Computational Mathematics” jurnalı MDB və Şərqi Avropa ölkələrinin analoji jurnalları arasında ən böyük impakt faktora malikdir. Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə etmişlər. Məsələn, RYTN-in tabeliyində olan Yüksək Texnologiyalar Mərkəzində yaradılmış “təmiz otaq”da az enerji sərf edən, ekoloji təmiz və iqtisadi səmərəliyə malik yeni LED işıqlanma elementləri, “Azərilight” neftindən alınan karbon nanoborular kimi nəticələr ölkə elminə verilən töhfələrdir. Bundan əlavə Azərbaycan dilinin digər dillərə avtomatik mətn və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və böyük praktiki əhəmiyyətə malik olan tam səslə Azərbaycan mini-kompüterlərin və mobil tətbiqlərin işlənib hazırlanması və istehsalı əldə olunan real nəticələrdir.
Mən burada RYTN tabeliyində fəaliyyət göstərən təşkilatlar tərəfindən əldə edilən bir neçə nəticələri qeyd etdim. AMEA-nın institutlarda, universitetlərdə, sahəvi elmi tədqiqat institutlarında da ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olan çoxlu sayda elmi nəticələr vardır. Çox işlər görülür.
Bununla bərabər etiraf etməliyik ki, bu gün ölkə iqtisadiyyatında tətbiq olunan yüksək texnologiyalar xaricdən gətirilir. Yüksək texnologiyalar sektoru əsasən xarici şirkətlərin monopoliyasındadır. Yüksək texnoloji və elmi tutumlu məhsulların ixracı bütün MDB ölkələrində olduğu kimi, ölkəmizdə də yüksək deyildir. Məsələn, bu məhsulların ümumi sənaye məhsullarının ixracındakı payı Sinqapurda 45%, Çində 26% (505.6 milyard), Fransada 25% ($108.4 milyard), Böyük Britaniya 22% ($67.8 milyard), ABŞ 18% ($146.7 milyard) olduğu halda MDB ölkələrindən Rusiyada 8% ($7.1 milyard), Ukraynada 6% ($2.6 milyard) təşkil edir. Azərbaycanda bu rəqəm cəmi $41.5 milyon ( 6%) təşkil edir.
Artıq ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutması, İKT-nin inkişafına görə 49-cu yer, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı və ümumiyyətlə, makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər buna misal ola bilər. Ancaq bizim ən böyük məqsədimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir. Dövlət başçısının müvafiq Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gələcək 8-10 ildə ÜDM-in qeyri-neft sektorunun hesabına 2 dəfə artırılması əsas məqsəd kimi təyin olunmuşdur. Bu məqsədə çatmaq üçün elm, təhsil, yeni texnologiyaların tətbiqi, innovativ sahibkarlığın inkişafı və digər bu kimi işlərin həyata keçirilməsi planlaşdırılmışdır. Digər tərəfdən ölkə əhalisinin sayı 10 mln. az olmaqla iqtisadi ölçülərimiz kiçikdir. Ona görə də iqtisadi inkişafın əsas istiqaməti ixrac potensialı, o cümlədən yüksək texnologiyalara əsaslanan innovativ məhsul və xidmətlərin istehsalının genişlənməsidir. Buna isə yalnız elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi nəticələrin sənaye və iqtisadiyyata tətbiqi, mühəndis elmlərinin inkişafı, klasterlərin təşkili kimi işləri həyata keçirməklə nail olmaq olar.
Bir çox ölkələrdə bu məsələlər dövlət strukturları tərəfindən tənzimlənir və əlaqələndirilir. İnkişaf etmiş əksər ölkələrdə isə bu münasibətlər əsasən bazar iqtisadiyyatına uyğun tam “tələb-təklif” modeli üzərində qurulur. Onda belə bir vəziyyət alınır: bir-birini başa düşməyən bilik istehsalçısı və yeni rəqabətə dözümlü innovativ məhsul və xidmət istehsal edən bilik alıcısı. Bu iki tərəfin əlaqələndirilməsində maraqlı olan innovativ sahibkarlığın zəif olması, yaxud olmaması və ya innovativ sahibkarlığın və elmi tədqiqatları öz əlində cəmləşdirən transmilli iri şirkətlərin olmaması bu ölkələrdə mühəndis elmlərinin və yüksək texnologiyalara əsaslanan innovativ iqtisadiyyatın inkişafına da böyük maneələrdir.
Elmə, biliyə olan tələbatın inkişaf etmiş ölkələrlə müqayisədə çox zəif olması gənclər arasında “beyin axını”na gətirir. Belə bir qiymətləndirmə var: əgər 80-ci illərdən Sovetlər Birliyindən gedən alim və mütəxəssislər Qərb ölkələrində hazırlansa idi, onlar üçün 1 trilyon ABŞ dollarından çox vəsait xərclənərdi. ABŞ-da 164 Nobel mükafatçısının 38-i immiqrantlardır. İnkişaf etmiş ölkələrin bir çoxu xüsusi viza yaradaraq, yüksəkixtisaslı kadrların ölkəyə daxil olmasını asanlaşdırıblar. Məsələn, son 3 ildə 220 min belə viza vermişdir. Avropa ölkələrində Almaniya İrlandiya, Hindistan proqramistləri üçün xüsusi kvotalar ayırırlar.
Bu gün aparıcı ölkələrin iqtisadi tədqiqi göstərir ki, ən uğurlu iqtisadi nəticələr elm, istehsal və işgüzarlıq fəaliyyətini özündə cəmləşdirən iri transmilli şirkətlərdə əldə edilir. Məsələn, dünyanın 500 aparıcı şirkəti qlobal məhsul və xidmət istehsalının 46.2 %-ni verir. Bildiyiniz kimi, 2011-ci ildə Barak Obama yüksək texnologiyaların üzrə Ağ Evin təşəbbüslərinə dəstək almaq məqsədi ilə 10 qabaqcıl İT şirkətlərin rəhbərləri ilə Silikon vadisində bir yemək masası arxasında görüş keçirmişdir. Bu “masa”nın qiyməti 1 trilyondan çox idi. Bu şirkətlərin əksəriyyəti başlanğıclarını “star-uplar”dan götürmüş, sonradan isə nəhəng şirkətlərə (Google. Apple, Twitter və s. kimi) çevrilmişdir. Təkcə “Apple” şirkətinin bazar qiyməti təxminən 700 milyard ABŞ dolları həcmində qiymətləndirilir .
Burada mən mühəndislik elmlərinin də rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Çünki bu gün o ölkələrdə ki mühəndis elmləri sürətlə inkişaf edir və bunun da nəticəsi olaraq texnoloji proqres göz qabağındadır. Nobel mükafatı almış işlərin böyük əksəriyyəti də inkişaf etmiş Qərb ölkələrinin payına düşür. Məsələn, Fizika üzrə ABŞ 83 dəfə, Almaniya 22, Böyük Britaniya 22, Fransa 13 və s. Nobel mükafatı almışdır. Dünya üzrə bütün patentlərin 30.6%-i Yaponiyanın, 28.1%-i ABŞ-ın, 28.6% isə Avropa Birliyi ölkələrinin payına düşür. “Web Science” daxil olan elmi məqalələrin 60%-dən çoxu 5 ölkəyə - ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Yaponiyaya məxsusdur.
Bu gün bütün MDB ölkələrində olduğu kimi, Azərbaycanda da mühəndis elmləri və texnoloji inkişafda dinamizm olsa da, inkişaf etmiş ölkələrlə müqayisədə gerilik müşayiət olunur. Hələ keçmiş SSRİ vaxtlarında da və əsasən indi bizim ölkələrdə ən böyük problem elmi nəticələrin kommersiyalaşdırılmasıdır. Belə bir misal çəkim. Əla növ pambıq istehsal edilib bazarda 1 dollara satılır, sonra isə bu pambıqdan Avropanın məşhur şirkətləri “Armani” və ya “Pyer Karden” köynək istehsal edib 80-100 dollara satırlar.
Eyni vəziyyəti informasiya sahəsinə də aid etmək olar. Rəqəm şəklində toplanmış dünya üzrə strukturlaşmamış (xammal şəklində) informasiyanın həcmi strukturlaşmış informasiyanın həcmindən 80% çoxdur. “Xammal” şəklində olan informasiyalar heç kimə lazım deyil və ona görə pul verilmir. Halbuki bu informasiyalar məlumatlar bazası və yeni xidmətlərin təşkili üçün çox qiymətli hesab olunur. Misal üçün, “Google” şirkətinin bu informasiyaları sistemləşdirib, onları bir axtarış maşını kimi istifadə etməsindən və reklamdan əldə etdiyi gəlirlər sayəsində milyardlarla gəliri olan şirkətə çevrilmiş, onların sahibləri isə multimilyarder olmuşdur.
Burada Avram Linkolnun bir tezisi yadıma düşür: “Bir dahinin alov ağlına insan nəfsinin marağı kimi bir yağ tökülməlidir”.
Əgər biz elmi xərclərin strukturuna baxsaq görərik ki, inkişaf etmiş ölkələrdə elmi xərclərin 60-80%-i özəl sektor, aparıcı şirkətlər tərəfindən qoyulur. Məsələn, Amerikada elmi tədqiqatların təxminən 80 faizi özəl sektor, böyük transmilli şirkətlər vasitəsi ilə maliyyələşdirilir. ABŞ-ın 465 milyardlıq elm üçün xərclənən maliyyə vəsaitin 307 milyardı (66%) özəl sektor tərəfindən ayrılır. Dövlətin payı cəmi 26% təşkil edir. Qalan xərclər isə universitetlər, müxtəlif fondlar tərəfindən ayrılır. Digər inkişaf etmiş ölkələrdə də eyni vəziyyətlə qarşılaşırıq. Məsələn, Yaponiyada R&D xərclərin 77%, Cənubi Koreyada isə 72%-i özəl sektor tərəfindən ayrılır.
Elmi tədqiqatlara ayrılan vəsaitlərdə İKT şirkətləri əsas rol oynayır. Təkcə “Intel” şirkəti elmi tədqiqatlara 10.1 milyard ABŞ dolları, “Microsoft” 9.8 “Nokia” 7.8, “Google” 6.6, “İBM” 6.3, “Apple” 3.5 milyard xərcləyir. Bu siyahını genişləndirmək də olar. Təkcə “Bell Labs”-ın özündə 7 Nobel mükafatına layiq görülmüş iş var. Mikroelektronikanın əsasını təşkil edən tranzistor, lazer, Şennonun informasiya nəzəriyyəsi bu laboratoriyada yaranmışdır. “C++”, “Unix” kimi sistemlər də burada işlənmişdir.
Digər tərəfdən, qeyd edək ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, o cümlədən MDB ölkələri elmi xərclərin dövlət büdcələrindən ayrılmaları da kifayət qədər azdır: ÜDM məhsulun 0,2-1,0%. 2013 “Global R&D Funding Forecast”-in hesabatına görə, dünyada elmi tədqiqatlara təxminən 1.5 trilyon xərc çəkilir ki, bunun da 80% inkişaf etmiş ölkələrin, o cümlədən 33.8 % ABŞ, 23.4% Avropa ölkələri, 10.8 % isə Yaponiyanın payına düşür. Cənubi Koreyada elm xərcləri ÜDM-in 4.36 %-i, İsraildə 3.93%, Yaponiyada 3.34%, Almaniyada 2.92, ABŞ-da 2.79% təşkil edir. Azərbaycanda bu rəqəm 0.2%-dir.
Dünya təcrübəsi göstərir ki, innovativ inkişaf siyasəti siyasət “qızıl üçbucaq” adlandırdığımız üç sütunun üzərində qurulur: insan resursu, əlverişli mühit və kapital (maliyyə resursları).
Qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur. Hazırda insan resurslarının inkişafı üçün aparılan islahatlar çərçivəsində mühəndislik və dəqiq elmlər ixtisasları fakültələrində tədris keyfiyyətinin artırılması, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində qeyd olunan ixtisaslar üzrə xaricdə təhsil alan tələbələrin sayının artırılması kimi yeniliklər tətbiq olunmaqdadır. Bizim özəl şirkətlər hesabına qurulan fondumuz da bu istiqamətdə fəaliyyətdədir. Eyni zamanda işdə öyrənmə (təhsil alma) modelinin də geniş tətbiqinə ehtiyac vardır.
Hesab edirik ki, mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması yalnız elm və təhsil sahələrindən asılı deyil, eyni zamanda bazarda biliklərə tələbatın yaranması ilə bağlıdır. Biliyə tələbat olmasa, tələbəni güclə oxutmaq, elmə gəncləri cəlb etmək mümkün deyil. Bizim son zamanlar yüksək texnologiyalar bazarının genişləndirilməsi sahəsində apardığımız işlər eyni zamanda insan resurslarının inkişafı üçün kadrların yetişdirilməsi sahəsini də əhatə edir.
Bildiyiniz kimi, bu il nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlə istifadəsi məqsədi ilə nazirliyin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılmışdır. Mərkəzdə tədqiqat nüvə reaktoru qurulmasını planlaşdırırıq. Eyni zamanda sterilizasiya qurğuları, müxtəlif elektron sürətləndiricilər və digər müasir qurğuların işə salınması nəzərdə tutulur. Bütün bunlar alim və mütəxəssislərimizin istifadəsinə verəcəyik, onlar üçün yeni imkanlar yaranacaq. Burada müasir elmi- təcrübi işlər aparmaqla əldə edilən nəticələr ölkə iqtisadiyyatında tətbiq olunacaq. Bu işlər AMEA ilə sıx əməkdaşlıq çərçivəsində aparılacaqdır.
Digər bir məsələ, bu il keçirilən “Bakutel- 2015” sərgisi çərçivəsində Fransa ilə kosmik sahədə əməkdaşlıq çərçivəsində “Azərkosmos”la Fransanın “Airbus Space and Defence” şirkətləri arasında 3 ay öncə orbitə çıxarılmış yer səthinin müşahidə peykinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müqavilə imzalanıb. Azərbaycan 20-ci ölkədir ki, bu növ peyki orbitə çıxarır. Azərbaycanın yeni peyki “Azersky” adlanır. Bu da alim və mütəxəssislərimiz üçün yeni imkanlar açır. Müşahidə peykdən alınan məlumatlar kənd təsərrüfatı, ekologiya, təhlükəsizlik sahələrində olan elmi problemlərin həllində geniş istifadə olunacaqdır.
İkinci sütun isə elmi tutumlu sahələrin və innovativ iqtisadiyyatın inkişafı üçün əlverişli mühitin yaradılmasıdır. Bu istiqamət üzrə isə ən çox gözlədiyimiz odur ki, elmin nəticələri istehsalata asan yol tapsın, elmə investisiya qoyuluşu artsın.
Bəs özəl sektoru necə elmə cəlb etmək olar? Bunun üçün elm biznes sektor üçün cazibədar olmalıdır. Yəni biznes sektorun elmə, innovasiyaya pul xərclənməyə maraqlı olmalıdır. Bunun üçün dövlət özəl sektorun elmi tədqiqatlara vəsait ayrılması stimullaşdırılmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu vergi, gömrük güzəştləri, investisiyaların, intellektual mülkiyyətin qorunması ilə nail olmaq olar. Xüsusi olaraq vergi siyasəti mühüm rol oynayır. İnkişaf etmiş ölkələrdə vergi krediti (bu halda şirkətlərin elmi tədqiqatlara çəkilən xərcləri vergiyə cəlb olunan mənfəət vergisindən və ya gəlirdən çıxılır) geniş tətbiq edilir. Məsələn, Fransada 1$-a vergi güzəşti 0.4, İspaniyada 0.3, Cənubi Koreyada 0.2 təşkil edir.
Ölkəmizdə də bu istiqamətdə addımlar artıq atılmağa başlayıb. Ölkədə elmi cihazlar və avadanlıqlar idxal gömrük rüsumları və əlavə dəyər vergisindən azad olunmuşdur. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər elmi-texnoloji və sənaye parklar şəbəkəsi, o cümlədən bizim nazirliyin tabeliyində yüksək texnologiyalar parkı yaradılmışdır. Bu parklarda xüsusi iqtisadi rejim, o cümlədən güzəştli vergi və gömrük şərtlərinə əsaslanan yüngülləşdirilmiş işgüzar mühit formalaşdırılmışdır.
Üçüncü sütun kapitaldır. “Qızıl üçbucağ"ı tamamlayan bu sütun rolu elmi və texnoloji tutumlu və bütövlükdə, innovativ layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır. Hal-hazırda Azərbaycanda bu məqsədlə yaradılmış müxtəlif fondlar fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini xüsusi olaraq vurğulamaq istəyirəm. 2013-cü ildə “İKT ili” çərçivəsində birgə həyata keçirdiyimiz qrant müsabiqəsi məhz innovativ ideyaların dəstəklənməsi baxımından çox əhəmiyyətli idi. Bizim nazirliyin tabeliyində İnformasiya texnologiyalarının inkişafı Dövlət Fondu da həm qrant, həmçinin elmi tutumlu innovativ layihələrə kiçik faizlə kreditlər ayırır.
Mart ayının 7-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yeni yaradılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında qoyulan vəzifələrdən biri də elmi tədqiqatların nəticələrinin iqtisadiyyatda və digər sahələrdə tətbiqinə dəstək verilməsidir. Bundan əlavə, bu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunmuş və burada elm, təhsil və yüksək texnologiyalara əsaslanan innovativ inkişaf üzrə siyasətin yeni prioritetləri müəyyən edilmişdir. Bu strategiya çərçivəsində biz AMEA və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik.
İnnovativ iqtisadiyyat üçün ölkədə güclü elmi-texniki potensial formalaşmalıdır. Bəs bunun üçün nə etməli? Təbii ki, vahid bir yanaşma yoxdur. Hər bir ölkə maliyyə-iqtisadi və intellektual potensialından asılı olaraq və qarşıya qoyduğu məqsədə görə özünün elmi siyasətini hazırlayır və həyata keçirir. Amerika, Almaniya və digər inkişaf etmiş ölkələrin yanaşması ilə iqtisadiyyatı yeni-yeni inkişaf edən ölkələrin yanaşma tərzini eyniləşdirmək olmaz. Burada vacib olan öz elmi klasterimizin müəyyən olunmasıdır. Biz inkişafda olan ölkələr olaraq ABŞ, Yaponiya və digər bu kimi ölkələrdə olan elmi fəaliyyət modellərini tətbiq etmək və orada alınan nəticələrin bizdə alınmasını gözləmək düzgün olmazdı. Biz ölkə iqtisadiyyatının, cəmiyyətinin tələblərinə uyğun elmi klasterimizi yaratmalı və inkişaf etdirməliyik. Bir misal çəkim. Braziliyada şəkər qamışı böyük həcmdədir. Yerli alimlər şəkər qamışından etanol almaq texnologiyasını yaradaraq, onu yanacaq kimi istifadə etməyə nail oldular. Və bu gün ölkədə avtomobillərdə istifadə olunan benzinin yarısı (təxminən gündə 200000 barel) alternativ yanacaqdır.
Hesab edirəm ki, ölkəmizdə də iqtisadi sahələrlə bağlı müvafiq elmi klasterləri formalaşdırmaq və inkişaf etdirmək üçün elmi tədqiqat institutları, ali təhsil müəssisələrinin sənaye ilə, ayrı-ayrı sahələr üzrə dövlət siyasətini həyata keçirən dövlət qurumları ilə, özəl sektorlarla əməkdaşlığın yeni bir müstəviyə keçirilməsinin vaxtı çatmışdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə AMEA ilə aktiv işləyir. 2009-cu ildə RYTN ilə AMEA arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanmışdır. Bu çərçivədə müqavilələr əsasında nüvə texnologiyaları tədqiqatlarının informasiya və hesablama təminatı, nanotexnologiyalar, fəzanın mülki radiotexniki monitorinqi, zəlzələlərin proqnozu və s. kimi sifarişli elmi-texniki işlərin həyata keçirilməsinə dəstək verir. Respublikamızda kibernetika və informasiya texnologiyaları, bioinformatika, nüvə texnologiyaları və s. üzrə keçirilən beynəlxalq konfransların keçirilməsinə, həmçinin Azərbaycan alimlərinin bu istiqamətdə xaricdə keçirilən konfranslarda, seminarlarda iştiraklarına köməklik göstərilir.
Hal-hazırda RYTN-də yüksək texnologiyalar sahəsində çalışan alim və mütəxəssislərin məlumat bazası yaradılır. Buraya yerli alim və mütəxəssislərlə bərabər, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislər də daxil ediləcək, onların təcrübələrindən istifadə olunmasına çalışacağıq. Bir misal çəkim. Tayvanın yüksək texnoloji firmalarının 50%-dən çoxu ABŞ-dan qayıdan tayvanlılar tərəfindən yaradılmışdır. Bu gün Hindistanda fəaliyyət göstərən iri proqramlaşdırma kompaniyalarının əksəriyyəti ABŞ-da oxumuş və işləmiş hindilər tərəfindən yaradılmışdır. Bu şirkətlərdə 2 milyondan çox adam işləyir və ÜDM-in 7.5 % verirlər.
Əlbəttə, elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır. Mən burada bir texnoloji inkişafa cavabdeh şəxs kimi yalnız elmin nəticələrinin kommersiyalaşdırılması, elmlə iqtisadiyyatın əlaqələrinin genişləndirilməsi məsələlərini qeyd etdim. Bununla bərabər, elmin inkişafı üçün onun maddi-texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması, intellektual mülkiyyətinin qorunması əsas şərtlərdəndir.
İnanıram ki, ölkəmizdə ilk dəfə keçirilən bu qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyən olunması üçün yaxşı bir platformadır.
Bir daha Azərbaycan alimlərinin I qurultayının başlaması münasibəti ilə elmi ictimaiyyəti təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun!
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL