waplog

Mərkəzi Seçki Komissiyasında veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və yüksək yexnologiyalar naziri Əli Abbasov MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər və veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olublar.


Tədbirdə MSK sədri bildirib ki, Azərbaycanda seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılıb. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur.
 
Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək bələdiyyə seçkilərində də davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar.



Azərbaycanda əhalinin təqribən 73-75 faizinin internet istifadəçisi olmasını nəzərə aldıqda qeyd etmək olar ki, seçkilərdə tətbiq olunan veb-kameralar seçki günü proseslərin geniş ictimaiyyət tərəfindən birbaşa izlənməsinə və beləliklə, aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.

Qeyd edək ki, veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşıb, veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı dərc olunub, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL