waplog

“Elektron məktəb üçün elektron müəllim” mövzusunda yeni təlim kursları başlayıb


Təhsil Problemləri İnstitutunda (TPI) "Elektron məktəb üçün elektron müəllim" mövzusunda yeni təlim kursları başlayıb.

Kurslar "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununa uyğun olaraq təşkil edilib.
 
 Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən bildirilib ki, Azərbaycan müəllimlərinin qatıldığı növbəti məsafədən (distant) təhsil  kursları yanvar ayının 30-na qədər davam edəcək:
 
 "İnstitutun direktoru Azərbaycanda  təhsilverənlərin təhsilalanların maraqlarına uyğun olaraq tədrisin daha maraqlı olması üçün elektron dərs resurslarının hazırlanması prosesində və internetdə milli resursların sayının artması zərurətindən irəli gələn işlərin reallaşdırılmasında TPİ-nin nəzdində keçirilən "Elektron məktəb üçün elektron müəllim" kursuna müəllimlərin marağının dayanmadan artmasını alqışlayır. Sözügedən kurs Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir. İki günü auditoriya şəraitində  müəllimlərin birbaşa iştirakı ilə keçirilən kursun digər günləri isə distant olaraq 1 ay müddətində davam edəcək. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif  veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur".
Kursun istiqamətlərinə "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. mövzular daxildir:
 
 "Kurslarda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kurslarda Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər".
 
İnstitutdan qeyd edilib ki, ilin ilk kursuna Bakı şəhəri ilə yanaşı,  Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb. "Elektron məktəb üçün elektron müəllim" təlim kursunu uğurla başa vuran müdavimlərə  yanvar ayının sonunda sertifikatlar təqdim olunacaq.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL