Azərbaycan müəssisəsi TV-tuner istehsal edəcək
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin PEYK zavodu ilin sonunadək rəqəmli DVB-T-tunerlərin (rəqəmli televiziya siqnallarını qəbul etmək üçün) istehsalına başlayacaq. Bu barədə zavodun müdiri Siyavuş Əliyev bildirib. Əliyevin sözlərinə görə, Milli Televiziya və Radio Şurasına təqdim olunmuş təcrübəli nümunə müvəffəqiyyətlə sınaqdan keçirilib və bu məsələ bu gün RİTN səviyyəsində müzakirə edilir. "Belə qurğulara daxili bazarda olan ehtiyac 1,5 milyon ədədə çata bilər. Müasir televizorların çoxunun rəqəmli televiziya standartlarını dəstəkləməsinə baxmayaraq, bu, heç də rəqəmli formatdakı yayıma keçəndən sonra istehlakçının belə televizorları əldə etmə məcburiyyətində qalması demək deyil. Bu səbəbdən bizim təklif etdiyimiz qurğular sıravi istehlakçılara da tamamilə münasib olacaq", - o bildirib.
Qəbuledicilər artıq bu ilin sonunda pərakəndə satışa çıxarıla bilər. Qurğuların "DVB-TcPEYK" ticarət nişanı ilə bazara çıxarılacağını deyən Əliyev, onların qiymətinin 40 manatdan çox olmayacağını da bildirib. Məsələn, bənzər qurğular Rusiya bazarında təxminən 70 dollaradır.
Onun sözlərinə görə, gələcəkdə PEYK zavodu həmin qurğuların müxtəlif ölkələrin bazarlarına ixracını da planlaşdırır. Çünki yerli istehsal olan bu qurğuların həm MPEG-2, həm də MPEG-4 standartlarında stabil işləməsi onlara olan tələbi artıracaq. Zavodun istehsal gücünə gəlincə, o, bilavasitə istehlakçının tələbindən asılı olacaq. Əliyevin sözlərinə görə, istehlakçılar gələcək yenilik və dəyişikliklərə hazırlaşmalıdırlar ki, bunlar "onları qəflətən yaxalamasın", əksinə, onlar gərək analoji yayımın tamamilə dayandırılmasına qədər hazırlaşsınlar.
Eyni zamanda, o bildirib ki, analoji yayım əhalinin böyük bir qisminin həmin qurğuları əldə etməsinə qədər tamamilə kəsilməyəcək.
Azərbaycanda rəqəmli televiziya yayımının inkişafı RİTN qarşısında qoyulmuş prioritet məsələlərdəndir. Nazirlik yaxın vaxtlarda rəqəmli yayımı bütün respublika ərazisinə yaymağa çalışır. Nazirliyin təxminlərinə görə, 2012-ci ilin əvvəlinə kimi ölkənin 85 faizi bu standartla əhatə olunacaq; bu standarta tam keçid isə, nazirliyin iş planına əsasən, 2013-cü ildə gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL