Azərbaycanın istedadlı gəncləri və gənc alimləri barədə vahid bank yaradılıb
Azərbaycanın istedadlı gəncləri və gənc alimləri barədə məlumat bankı (www.gencistedadbanki.az) yaradılıb. Məlumat bankında elm, təhsil, mədəniyyət və idarəetmə sahələri üzrə gənc istedadlar və alimlər barədə məlumatlar toplanır və bank istifadə üçün açıqdır.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində fəaliyyət göstərən istedadlı gənclər və gənc alimlər barəsində vahid məlumat sisteminin formalaşdırılması; istedadlı gənclər və gənc alimlər ilə aparılan iş sisteminin təkmilləşdirilməsi, onlara daha ünvanlı və səmərəli dövlət dəstəyinin göstərilməsinin təmin edilməsi; ölkə ictimaiyyətinin, eləcə də aidiyyəti təşkilat və qurumların gənclərin müvafiq sahələrdə əldə etdikləri nailiyyətləri barədə məlumatlandırılmasına xidmət edir.
Həmçinin bankın məqsədi yerli və beynəlxalq bilik yarışmaları, olimpiada, konfrans, festival, müsabiqə kimi tədbirlərdə, elmi tədqiqat layihələrində daha çox sayda istedadlı gənclərin, gənc alimlərin iştirakının təmin edilməsi; gənclərin müsbət nümunə əsasında təhsil, elm, mədəniyyət və idarəetmə sahəsinə maraqlarının artırılmasıdır.
Layihə üzrə əsas vəzifələrə istedadlı gənclər və gənc alimlər barəsində funksional, geniş və səmərəli internet səhifəsi/məlumat bazası yaratmaq; onlara müasir texnologiyalardan istifadə etməklə öz bilik və bacarıqlarının səviyyəsini, uğur və nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq; istedadlı gənc və gənc alimlər ilə işəgötürənləri (dövlət qurumlarını, beynəlxalq təşkilatları və özəl şirkətləri) bir araya gətirmək, onların işlə təmin olunmasına şərait yaratmaq; istedadlı gənclərin və gənc alimlərin tanışlığını, ünsiyyətini və ideya mübadiləsini təmin edən virtual platforma yaratmaq daxildir.
Məlumat bankından istifadə qaydalarına gəlincə, “www.gencistedadbanki.az” internet səhifəsində yalnız yaşı 14-29 olan və saytda qeydiyyatdan keçən istedadlı gənclər və gənc alimlər özləri barədə məlumat yerləşdirə bilərlər. İnternet səhifəsində qeydiyyatdan keçmək üçün lazımi sahələrdən biri seçildikdən sonra müvafiq anket forması doldurulur və tələb olunan sənədlərin nüsxələri əlavə edilir. Təqdim edilən sənədlər əsasında internet səhifəsində yalnız şəxsin adı, soyadı, atasının adı, doğum tarixi, cinsi, təhsili, işlədiyi yer, nailiyyətləri və əlaqə vasitələri barədə məlumatlar yerləşdirilir. Digər şəxsi məlumatlar internet səhifəsi istifadəçilərinə açıqlanmır. İnternet səhifəsinə göndərilən anket forması və müvafiq sənədlər xüsusi komissiya tərəfindən nəzərdən keçirilir və yalnız komissiya tərəfindən təsdiq edildikdən sonra saytın müvafiq səhifəsində yerləşdirilir və internet səhifəsinə göndərilən anket və sənədlər komissiya tərəfindən bir ay ərzində yoxlanılır.
Komissiya tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq internet səhifəsində yerləşdirilməyən anketlərin qəbul olunmaması səbəbləri açıqlanmaya bilər. Məlumat bankına daxil edilmiş şəxslər özləri haqqında məlumatları tələb olunan anket formasına əlavə və dəyişikliklər edərək yenidən göndərməklə yeniləyə bilərlər. İnternet səhifəsində məlumat bankına daxil edilən şəxslər barədə məlumat yalnız həmin şəxsin 30 yaşı tamam olana qədər saxlanılır.
Qeyd edək ki, məlumat bankı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının “İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı”nın yaradılması” bəndinin icrası ilə əlaqədar yaradılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL