waplog

“Azərbaycan Respublikasının Milli Atlası” elektronlaşdırılır


“Azərbaycan Respublikasının Milli Atlası”nın CIS variantı hazırlanır. Milli Atlasın elektron forması ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun (MMMİ) fundamenti hesab edilir.
 
Atlasın CIS variantının hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədovun rəhbərliyi altında həyata keçirilir. Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır. 19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.
 
 DTXK və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası”nın və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib. Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə son vaxtlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı kartoqrafik saxtakarlıqların artdığını bildirib.
 
Qeyd edib ki, məhz bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli” “Azərbaycan Respublikasının Milli Atlası”nın və 18 aprel 2012-ci il tarixli “Cənubi Qafqaz: 1903-cü il xəritəsinin nəşri haqqında sərəncamlarında öz əksini tapıb. Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən akademik Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
 
Milli atlasların məkan məlumatları infrastrukturları üçün yeganə baza rolunu oynadığını bildirən AMEA-nın prezidenti Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının hazırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini qeyd edib.
 
 
Daha sonra  Milli Atlasın nəşri ilə bağlı aparılmış işlərdən, onun digər atlaslardan fərqindən, ölkənin sosial-iqtisadi kompleksinin inkişaf proqramlarının analizində, proqnozlaşdırılmasında və hazırlanmasında istifadəsindən, elmi tədqiqatlarla məşğul olanlar üçün əhəmiyyətindən, dərs vəsaiti kimi yararlığından geniş bəhs edən DTXK-nın sədri Qərib Məmmədov Milli Atlasın geoməkan məlumatlarının idarəolunması ideologiyası əsasında yaradıldığını qeyd etməklə, ölkəmizdə bu istiqamətdə görülmüş işlər haqqında da məlumat verib. Atlasın bölmələrini ayrı-ayrılıqda xarakterizə edən akademik Qərib Məmmədov 2015-ci ilin ölkə Prezidenti tərəfindən “Kənd təsərrüfatı ili” elan edildiyini vurğulayaraq, “elektron kənd təsərrüfatı”, “dəqiq kənd təsərrüfatı” kimi konsepsiyaların inkişafında Milli Atlasın xüsusi önəmini qeyd edib.
 
Həmçinin, dünya kartoqrafik ictimaiyyətinin bu nəşri yüksək qiymətləndirdiyini vurğulayan akademik, atlasın elektron versiyasının yaradılması, eləcə də Milli Məkan Məlumatları İnfrastrukturu ilə bağlı önəmli addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL