waplog

“Springer”in rəqəmsal kitabxanasından istifadə imkanları müzakirə edilib


AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) təşkilatçılığı və MEK-in təşkilati dəstəyilə Almaniyanın tanınmış “Springer” beynəlxalq elmi bazasının informasiya məhsulları və xidmətləri ilə tanışlıq məqsədi daşıyan görüş keçirilib.
 
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatları, AKİK-ə üzv olan universitetlər və elmi tədqiqat institutları, eləcə də Bakı Dövlət Universitetindən olan nümayəndələr iştirak edib. MEK-dən bildirilib ki, “Springer Verlag” şirkətinin Lisenziya meneceri Seymur Rəsulov təqdimatla çıxış edərək, “Springer”in tarixi barədə qısa məlumatları diqqətə çatdırıb. Xatırladıb ki, şirkət dünyanın müxtəlif ölkələrində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. “Springer” ilə əməkdaşlıq edən ölkələrin təhsil nazirlikləri və elmi müəssisələri bu elmi bazanın yüksəksəviyyəli elektron nəşrlərinə abunə olaraq öz külliyyatlarını zənginləşdirirlər.
 
“Springer”in informasiya məhsulları və xidmətləri alman, ingilis, fransız, ispan, italyan, rus və digər dillərdə təqdim edildiyindən alim və ziyalılardan xarici dil bilgiləri tələb olunur. AKİK-in respublika üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova isə konsorsiumun fəaliyyətindən və “Springer” ilə əməkdaşlıq imkanlarından danışıb. Elmi araşdırmaların daha dərindən aparılması istiqamətində bu kimi bazalardan istifadənin üstünlüklərini önə çəkib.
 
 
Görüşdə MEK ilə “Springer” arasında əməkdaşlıq çərçivəsində beynəlxalq elmi bazanın rəqəmsal kitabxanasından istifadə, o cümlədən istifadəçilərin “Springer”in təklif etdiyi xidmətlərə, arxiv materialları, elmi jurnal, kitab və konfrans materiallarına onlayn çıxış imkanları müzakirə olunub.
 
 
Tədbirdə Azərbaycan elmi ictimaiyyətinin “Springer” beynəlxalq elmi bazasının resurslarından istifadəsinə dair statistik göstəricilər nümayiş olunub. “Springer”in təşkil etdiyi treninq və seminarların alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi önəm daşıdığı qeyd edilib. Həmçinin, gələcəkdə Azərbaycanın elmi tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim və seminarların keçirilməsi təklif olunub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL