waplog

Rusiya ilə Azərbaycan arasında İKT üzrə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib


Rusiya ilə Azərbaycan arasında informasiya-kommunikasiya texnologiyaları və digər sahələr üzrə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən müzakirə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə etdiyi səfər çərçivəsində baş tutub. Qonaqların İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə baş tutan görüşündə  bildirilib ki, Azərbaycan və Rusiya Federasiyası arasında, eləcə də Şimali Osetiya-Alaniya Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
 
Nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirərək, hər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Dövlətlər arasında möhkəm hüquqi baza mövcuddur. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
 
 Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib.
 
 
İndiyədək 14 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə isə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb.
 
 
Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verərək bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi uğurla həyata keçirilir. Yeni sənaye sahələrinin yaradılması, İKT infrastrukturunun genişləndirilməsi iqtisadiyyatın daha da güclənməsinə təkan verib.
 
 
Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyev Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
 
 Takoyev Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib. Görüşün sonunda Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL