waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Elektron hökumət” bülleteni üzrə ilk brifinq keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində "Elektron hökumət" bülleteni üzrə ilk brifinq keçirilib.

Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Bank of Baku", Azərbaycan İnternet Forumu, "Elektron ipoteka" portalının nümayəndələrinin iştirakı ilə keçirilən brifinqin məqsədindən söz açıb.
 
Qeyd edilib ki, "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron hökumət" bülleteni dərc olunur.
 
Bülletendə "Elektron hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" və  İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Brifinqin də təşkilində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.
 
 

 
MHM direktoru portalın fəaliyyəti haqqında da məlumat verib. Onun sözlərinə görə, statistik uçotun aparıldığı tarixdən- 2012-ci ilin dekabrından 2015-ci ilin yanvar ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 3,935,775 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 1,203,760 nəfər olub. Belə ki, 1,203,760 nəfər ümumən 3,935,775 dəfə portala baxıb və 7,244,687 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 15,843,050 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 32 saniyə olub:

"Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 30.7 faizini yeni istifadəçilər, 69.3 faizini isə təkrar müraciət edənlər təşkil edib. Yanvar ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 321,000 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 98,640 nəfər olub. Həmin şəxslər 1,285,899 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 532,785 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 57 saniyə təşkil edib".

 Qeyd edək ki, tədbirin sonunda iştirakçılara "Elektron hökumət" portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunub.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL