waplog

Azərbaycanda kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya təcrübəsi tətbiq ediləcək


Azərbaycanda kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya təcrübəsi tətbiq ediləcək. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjasının nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə edilib. Komitədən bildirilib ki, nümayəndə heyətinin tərkibində Koreya Birjası, Koreya Milli Assambleyasının üzvləri, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfiri iştirak edib.
 
QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək, hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli iqtisadi, siyasi və sosial münasibətlərə verdiyi töhfədən danışıb. Sədr Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarındakı işgüzar fəaliyyətinin hər iki ölkə üçün vacib olduğunu vurğuladı. R.Aslanlı ölkəmizin kapital bazarlarının yüksək dinamika ilə inkişaf etdiyini, ardıcıl islahatlar nəticəsində bu inkişafın növbəti mühüm mərhələyə qədəm qoyduğunu qeyd edib.
 
Sədr komitə əməkdaşlarının  Koreyaya intensiv səfərləri sayəsində bu ölkənin  kapital bazarlarının fəaliyyətinin dərindən öyrənildiyini diqqətə çatdırıb. Komitə sədri QKDK ilə Koreya Birjası arasında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində əməkdaşlığın Azərbaycanda daha mütərəqqi və müasir qlobal kapital bazarlarına inteqrasiya imkanı olan bazar infrastrukturu əldə ediləcəyinə əminlik ifadə edib.
 
Birgə əməkdaşlıq münasibətilə nümayəndə heyətinə minnətdarlıq edən R.Aslanlı sözügedən layihədən əldə olunacaq uğurlu nəticələrin Koreya şirkətlərinin regionda mövcudluğu üçün yeni imkanlar yaradacağına inandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Koreya Birjasının sədri Kyunqso Çoi Azərbaycanın kapital bazarları sferasında irimiqyaslı layihələrin həyata keçirildiyinin müsbət qarşılandığını və “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə keçirilmiş tenderdə Koreya şirkətinin qalib gəlməsindən qürur duyduğunu xatırlatdı. K.Çoi ölkəsinin Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsi üçün ən mükəmməl sistem tətbiq edəcəyinə əmin olduğunu bildirdi. Həmçinin, Koreya Birjasının sədri “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində görülən işlərin Azərbaycan kapital bazarlarının inkişafına təkan verməyə xidmət edəcəyini qeyd edib.
 
 
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn Azərbaycan hökumətinin kapital bazarlarının inkişafı və infrastrukturunun təkmilləşdirilməsi sahəsində sürətli inkişaf tempi əldə etdiyini vurğulayaraq, Koreyanın informasiya-kommunikasiya texnologiyaları istiqamətində qazandığı bilik və təcrübələri Azərbaycanla bölüşməkdə maraqlı olduğunu qeyd edib. Səfir Çoi Suk İn Koreya şirkətlərinin Azərbaycana böyük maraq göstərərək bir sıra layihələrin icrasında yaxından iştirak etdiklərini və belə layihələrin bundan sonra da həyata keçirilməsinin vacibliyindən danışıb.
 
Görüşün davamında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə tədbirlərin effektiv, vaxtında və ardıcıl icra olunmasını təmin etmək məqsədilə QKDK və Koreya Birjası arasında Kapital Bazarlarının İnformasiya Sistemləri Layihəsi Planı imzalanıb.
 
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL