waplog

TQDK-dan tövsiyə: Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır. Bu tövsiyəni qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektlərini araşdıran Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) verib.
 
Ölkəmizdə gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin yaxşılaşdırılması üçün digər tövsiyələri irəli sürən TQDK-dan qeyd edilib ki, gender bərabərliyinə nail olmaq sahəsində vəziyyət qənaətbəxş olsa da, bu sahədə heç də bütün imkanlardan tam istifadə edilmir.
 
Belə ki, fərdi bilik və qabiliyyət prinsipi əsasında vətəndaşların bərabər ali təhsil almaq hüququnun təmin olunması üçün qadınların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr aradan qaldırılmalıdır.
 
“Oğlanlar ailəni gələcəkdə maddi cəhətdən təmin etdiklərinə görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır” kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş və patriarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır, çünki məhz belə baxışlara görə valideynlər, ilk növbədə öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər.
 
 
Qızların təhsildən uzaqlaşmasına səbəb olan meyillərin (erkən nikahlar, ictimai-iqtisadi səbəblər və s.) qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işləri aparılmalıdır.  Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu da potensial imkanları olan bütün hazırlıqlı qızların ali təhsil almasını stimullaşdırsın. Təhsil ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqları aradan qaldırmaq, tədris proqramlarını bazar iqtisadiyyatının yeni tələbləri ilə uzlaşdırmaq məqsədilə onlarda lazımi dəyişikliklər etmək lazımdır.

Gender təhsilinə, gender tədqiqatlarına və eləcə də valideynlər, idarəedənlər və ümumiyyətlə, vətəndaşlar arasında gender biliklərinin artırılmasına xüsusi diqqət yetirilməlidir. Komissiyanın apardığı araşdırmalara görə, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Yalnız bunu demək kifayətdir ki, 2008-2014-cü illər ərzində bu azalma 16.44%-ə bərabər olub.
 
Qeyd edək ki, 2003-cü ildən 2008-ci ilədək abituriyentlərin ümumi sayı 66.27% artmışdı. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97362 abituriyent ərizə verib. Onların 52.43%-i oğlan, 47.57%-i qız abituriyent olub. Qeyd edək ki, artıq ikinci ildir ki, qəbul imtahanlarında
iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı
qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız
abituriyentlərin say nisbəti fərqli olub.
 
Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.10%), rus bölməsində isə qızlar (54.48%) sayca üstünlük təşkil edib.

Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi.
 
 Çünki bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL