Nanotexnologiyanın nailiyyətlərinə əsaslanan “Econano” layihəsinin dəstəyi ilə azərbaycanlı tələbələr xaricdə təhsil alacaqlar
“Econano” layihəsinin maliyyə dəstəyi ilə azərbaycanlı tələbələr xaricdə təhsil alacaqlar. İtaliyanın Sapienza Roma Universitetinin koordinatorluğu ilə Bakı Dövlət Universitetində həyata keçirilən “Econano Tempus” layihəsinin I mərhələsi tamamlanıb.
Bu mərhələdə “Econano” tələbələrinə 3 ay müddətində 6 moduldan ibarət 9 fəndən, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən mühazirələr oxunub, praktiki məşğələ və laboratoriya dərsləri keçilib. Cari ilin yanvar ayında Sapienza Roma Universitetinin professoru Luka Di Palma tərəfındən tələbələrdən imtahan götürülüb.
İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən 9 nəfər İtaliyanın Sapienza Roma, 2 nəfər Yunanıstanın Patras və 1 nəfər Fransanın Paris 13 Universitetinə 3 ay müddətində oxumaq üçün seçiliblər.
Layihənin Azərbaycan üzrə koordinatoru Bakı Dövlət Universitetinin professoru Məhəmmədəli Ramazanovun sözlərinə görə, tələbələrin təhsili “Econano” layihəsinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Qeyd edək ki, Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində həyata keçirilən “Econano” qrant layihəsinin tərəfdaşları İtaliya, Fransa, Yunanıstan və Azərbaycandır. “Econano” layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi” (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.
Layihədə EM tədris proqramları islahatının magistratura pilləsində aparılması, eyni zamanda bakalavriat pilləsində keçirilən ekoloji fənlərin korrektə olunması nəzərdə tutulub. Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır.
Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək. Bu yaradılan kurrikulum Avropa Birliyi ölkələrində bu sahədə mövcud olan kurrikulumlara uyğunlaşdırılacaq. Əsas diqqət Avropa universitetləri ilə tərəfdaşlığa yönəldiləcək.
Şərqi Avropa universitetlərinin bir-biri ilə mövcud olan yaxşı əlaqələrindən istifadə edərək, tələbələr mübadiləsi həyata keçiriləcək. Azərbaycan Xəzəryanı ölkələr sırasında neft ölkəsi kimi Avropa üçün çox maraqlıdır və bu regionda neft istehsalının intensiv inkişafı çoxlu ekoloji problemlərin həllini tələb edir. Odur ki, mühəndis ekologiyası üzrə mütəxəssislərin yetişdirilməsi və onların Avropa standartlarına uyğunlaşdırılması aktual məsələdir.
Layihədə mühəndis ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq aparmaq daha məqsədəuyğundur. Bunun üçün xüsusi metodika hazırlanması, iştirakçı universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi, onlar arasında əlaqələrin yaradılması nəzərdə tutulur. Layihədə bir sıra fəaliyyət istiqamətləri nəzərdə tutulub.
Buraya tərəfdaş ölkələrin ali təhsil sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək, tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf etdirilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimaiyyətə təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək daxildir.
Eyni zamanda tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil müəssisələri və elmi tədqiqat institutları arasında şəbəkə artırmaq da layihənin əsas istiqamətlərindəndir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL