Texniki, iqtisad və idarəetmə ixtisaslarına oğlanların marağı azalmır
Azərbaycanda texniki ixtisaslara oğlanların marağı daha böyükdür. Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki - Azərbaycan və rus bölməsinin ortastatistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71.46, rus bölməsində isə 78.52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib.
Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə
ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Nə üçün abituriyentlər texniki ixtisaslara (I qrup), iqtisad və idarəetmə ixtisaslarına (II qrup) nisbətən daha çox maraq göstərdikləri halda, hər
iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır” sualına da aydınlıq gətirib.
Bunun səbəblərindən biri texniki ixtisaslar qrupunda plan yerlərinin nisbətən çox olmasıdır.
Ümumi qəbul planının 31.75 faizi I, 28.89 faizi
isə II ixtisas qrupunun payına düşür. Digər səbəb isə I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır.
Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri, əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Nəticənin aşağı olmasının başqa bir səbəbi bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət elmləri fənləri ilə bağlı olmasıdır. Bu da abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt sərf etməyi tələb edir. Statistika onu da göstərir ki, Salyan, Siyəzən rayonlarının, həmçinin Bakı şəhəri Qaradağ rayonunun oğlan abituriyentləri yüksək faizlə (uyğun olaraq 69.29%, 65.78% və 63.16%) texniki ixtisaslar qrupunu seçiblər. Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdən, eləcə də Bakı şəhəri Suraxanı və Xəzər rayonlarından olan abituriyentlərin texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib. Buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədris səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur.
Şübhəsiz, müəllimin nüfuzu, yüksək təhsili, pedaqoji bacarığı da şagirdlər arasında fənnin daha dərindən öyrənilməsini şərtləndirir. İxtisas seçərkən isə gənclər ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verirlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL