waplog

I siniflər üzrə elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaq


Əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilən I sinfə elektron sənəd qəbulu qəbul proseduralarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir. Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.
 
Seçim edərkən eyni zamanda bir neçə məktəbdə qeydiyyatdan keçmək mümkün deyil. Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilər.
 
Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir. Təhsil Nazirliyindən qeyd edilib ki, elektron ərizənin qeydiyyatı valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.
 
Alternativ sənəd qəbulu komissiyaları Səbail rayonu 2 nömrəli THL, Nizami rayonu 145 nömrəli, Nəsimi rayonu 133 nömrəli, Yasamal rayonu 18 nömrəli, Nərimanov rayonu 47 nömrəli, Xətai rayonu 191 nömrəli, Sabunçu rayonu  252 nömrəli, Suraxanı rayonu 114 və 279 nömrəli, Qaradağ rayonu 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaq. Elektron sistemlə istifadəçi arasında mobil telefon və ya elektron ünvanı kimi əlaqə vasitələrindən istifadə edilir. Elektron (e-mail) ünvanı olmadan da qeydiyyatdan keçmək mümkündür. Bu zaman qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər. I sinfə qəbul üçün tələb olunan sənədlərə gəlincə, valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi); uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U); 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil; məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa); valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap  olunmuş “Buraxılış vərəqi” (zəruri deyil) kimi sənədləri təqdim etməlidir. Xarici ölkə vətəndaşının qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında aparılır.
 
Sual yarandıqda - qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya; bütün digər hallarda  rayon ərazisində fəaliyyət göstərən Apelyasiya komissiyasına müraciət etmək olar. Elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur. 6 yaşı tamam olmayan uşaqlar bəzi hallarda müsabiqədənkənar qəbul edilə bilərlər.
 
Bunlara qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib  uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər daxildir. 6 yaşı tamam olmayan uşaq komissiyada müsahibədən keçməzsə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət etmək olar. Müsabiqənin nəticələrinə görə, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlər. Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə sorğu yerləşdirmək mümkündür.
 
Uşaqların yerləşdirilməsi məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra həyata keçirilir. Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu da mümkündür. Bu uşaqlar təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbuluna gəlincə, nazirlikdən bildirilib ki, elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaq.
 
“Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək. Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbə qəbul olunmaya bilər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL