“IBM” şirkətinin Azərbaycanda nümayəndəliyi açıldı
Bu gün Bakıda "International Business Machines" (IBM) korporasiyası yeni ofisinin açılışını elan edib və bununla bağlı mətbuat konfransı keçirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni ofis şirkətin mövqeyini möhkəmləndirmək üçün müştərilərə bulud texnologiyalarının, infrastruktur həllərin, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
"IBM"-in Azərbaycanda nümayəndəliyinin açılması və fəaliyyət göstərməsi ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunması üzrə milli strategiyanın həyata keçirilməsinə yardımçı olmaqla yanaşı, yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək", - deyə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib.
Tədbirdə çıxış edən "IBM"-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, şirkət inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır.
"Yüksək inkişaf tempinə və artmaqda olan rəqabətqabiliyyətliliyə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb", - deyə o qeyd edib.
2020-ci ilədək dayanıqlı və çoxşaxəli iqtisadiyyatın inkişafına yönəlmiş milli iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir.
"Azərbaycanın islahatlı iqtisadi inkişafı nəticəsində ölkədə qabaqcıl texnologiyalara tələb artır. Belə ki, şirkətlər öz fəaliyyətlərini daha effektiv və rəqabətqabiliyyətli etməyə can atırlar. "IBM" tərəfindən bu bazarda təklif olunan mütərəqqi məhsullar yüksək tempə malik iqtisadiyyatın inkişafında yeni bir mərhələnin əsasını qoyacaq", - deyə "IBM"-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov əlavə edib.
"IBM" şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat sahələrini təmsil edən şirkətlər var.
Məlumat üçün bildirək ki, "IBM"-in Bakı ofisi Nizami küçəsi, 90a ünvanında, "Landmark 1" biznes mərkəzində yerləşir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL