ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində kiberəməliyyatlar üzrə bölmə yaradılacaq
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tarixində ən böyük struktur dəyişikliklərindən birinə başlayır. İdarə direktoru Con Brennanın jurnalistlərə bildirdiyinə görə, dəyişikliklər kiberəməliyyatlara və kəşfiyyat məlumatlarının toplanmasında rəqəmli innovasiyaların tətbiqinə xüsusi diqqət yetirmək məqsədi daşıyır.
C.Brennanın sözlərinə görə, idarədə səylərini konkret problemlərdə və ya coğrafi regionlarda birləşdirəcək yeni bölmələr - koordinasiya mərkəzləri yaradılacaq.
Bu məqsədlə kibertexnologiyalar sahəsində nailiyyətlərin izlənilməsinə və onların agentliyin fəaliyyətində istifadəsinə məsul olacaq rəqəmli innovasiyalar üzrə departamentin təsis edilməsi nəzərdə tutulur. Bölmə uzun illər mövcud olan digər dörd idarə ilə eyni hüquqi statusa malik olacaq.
Tarixən elektron məlumatların ələ keçirilməsi ilə Milli Təhlükəsizlik Agentliyi (MTA) məşğul olub. Lakin qeyd olunduğuna görə, MKİ texnoloji dəyişikliklərlə ayaqlaşmaq üçün bu istiqamətdə aparılan işi yenidən qurmaq qərarına gəlib.
1947-ci ildə yaradılan MKİ hazırda dörd əsas idarəyə bölünüb. Struktur dəyişikliklərindən sonra onlardan ikisi öz adını saxlayacaq. Bunlar digər fəaliyyət növləri ilə yanaşı, casus qurğular yaradan elmi-texniki, eləcə də inzibati və logistik məsələlərlə məşğul olan təchizat departamentləridir.
Kəşfiyyat departamentinin adı dəyişdirilərək analitik departament adlandırılacaq. MKİ direktorunun sözlərinə görə, bu, onun agentliyin informasiyanı məxfi və açıq mənbələrdən müqayisə və təhlil edən ekspert mərkəzi kimi funksiyasını əks etdirir.
Casusların cəlb edilməsi və gizli əməliyyatlarla məşğul olan Milli Məxfi Xidmətin adı operativ departament ilə əvəz olunacaq, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL