“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda “dəyirmi masa” keçirilib
Bu gün Bakıda 15 mart – Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti" mövzusunda "dəyirmi masa" keçirilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil edilib.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, ölkədə rabitə və yüksək texnologiyalar sahəsində böyük nailiyyətlər əldə edilsə də, bu sahədə nöqsanlar da az deyil.
"Nöqsanlar əsasən internet provayderlərin və mobil operatorların göstərdiyi xidmətlərlə bağlıdır, bu, əsasən internetin sürətinin aşağı səviyyədə olması, mobil rabitə abunəçilərinin hesablarından balansın silinməsi, müştərilərin arzuedilməz SMS-lərlə narahat edilməsi, rouminq xidmətlərinin yüksək tarifləri, müxtəlif SMS müsabiqələri və s. ilə bağlıdır. Eyni zamanda, IMEI kodların qeydiyyatı, mobil telefon nömrələrinin bir şəbəkədən digərinə keçirilməsi ilə bağlı problemlər mövcuddur", - deyə xidmətin rəis müavini Araz Əliyev bildirib.
Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov nazirliyin müxtəlif layihələr və proqramlar çərçivəsində son illər ərzində gördüyü işlər haqda ətraflı məruzə ilə çıxış edib.
Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov "dəyirmi masa"da çıxış edərək bildirib ki, hazırda dünyanın qabaqcıl ölkələrində artıq evlər 1 GB sürətlə internetlə təchiz edilib, "5G" texnologiyasının tətbiqi məsələsi müzakirə edilir. O bildirib ki, Azərbaycanda isə hələ də sabit sürətlə internet xidmətlərinin göstərilməsi təmin edilməyib.
"İnternet xidmətlərinin göstərilməsində bütün dünyada ən vacib məsələ qiymətlə keyfiyyətin uyğun şəkildə təmin edilməsidir. Azərbaycanda bildiyimiz kimi, internet xidmətlərinin qiyməti azaldılıb. Lakin provayderlər şəbəkələrinin sabit şəkildə işini təmin etmək üçün yeni avadanlıqlar alırlar, onlar dollarla alınır, xidmətlər isə manatla göstərilir, biz bunu nəzərə almalıyıq. Provayderlərin regionlara çıxması üçün onlara güzəştlərin verilməsi və dövlət dəstəyinin göstərilməsi vacibdir. Çünki bu şirkətlərin vəsaitləri kənd infrastrukturunu yaratmaq üçün yetərli deyil", - deyə Q. Qurbanov qeyd edib.
Tədbirdə həmçinin yerli mobil rabitə operatorlarının nümayəndələri təmsil etdikləri şirkətlərin nailiyyətlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Sonda tərəflər mövcud problemləri müzakirə edərək
gələcək əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL