waplog

Texnologiyalar sahəsində qlobal proqnozlar


Cari il telekommunikasiya sahəsində bir çox tədqiqat və aparıcı konsaltinq şirkətləri tərəfindən təqdim edilmiş proqnozların çoxluğu ilə səciyyələnir. Aparıcı tədqiqat şirkətləri tərəfindən 2015-ci il üçün tərtib edilmiş bir çox proqnozlarda mobil qurğular və növbəti nəsil qurğular, “bulud” hesablamaları, “Əşyaların interneti”, sosial şəbəkə və böyük məlumatlar üçün proqram təminatının artımı nəzərdə tutulur.


“International Data Corporation” (IDC) şirkətinin proqnozuna görə, 2015-ci ildə qlobal İT və telekommunikasiya sahələrinin ümumi xərcləri 3,8 faiz artaraq təxminən 3,8 trilyon ABŞ dolları təşkil edəcək.

“Infonetics” şirkəti xüsusilə Avropada telekommunikasiya sahəsində gəlir artımının azalmasını qeyd ediblər. Şirkətin məlumatına əsasən, 2014-cü ilin birinci yarısında qlobal mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə yalnız 0.5 faiz yüksəlib. Bununla belə “Infonetics” şirkətinin nümayəndəsi onu bildirib ki, smartfonlardan istifadənin artımı sayəsində bütün regionlarda mobil qurğuların (mətn mesajları və mobil genişzolaqlı rabitə) köməyi ilə məlumatların ötürülməsi xidmətləri çoxalıb və şirkətin proqnozuna görə, 2015-ci ildə məlumatların ötürülməsi bazarına tələbat saxlanılacaq.


“Informa” şirkətinin tədqiqat bölməsi “Ovum”un məlumatına əsasən, 2019-cu ilin sonunadək mobil rabitə müqavilələrinin sayı 8,5 milyardadək artacaq. BTİ-nin proqnozuna görə, 2015-ci ildə internet istifadəçilərinin sayı 3 milyardı ötəcək. “WeAreSocial/Internet World Stats” proqnozlaşdırır ki, 2016-cı ilin sonunadək mobil rabitə internetin nüfuzetmə səviyyəsini artırmağa kömək edəcək. “Deloitte” şirkəti özünün nüfuzlu "Texnologiyalar, KİV və Telekommunikasiya sahəsində proqnozlar" hesabatında belə proqnoz verib ki, 2015-ci ildə dünyada 1,4 milyard smartfon satılacaq və bu halda smartfonların satış həcmi fərdi kompüter, televizor, planşet və oyun konsolları istehsal edən sektorların ümumi satış həcmini ötəcək.


“Deloitte” şirkətinin proqnozuna əsasən, 2015-ci ildə 1 milyard simsiz “Əşyaların interneti” (“IoT”) qurğusu satışa çıxarılacaq ki, bu da 2014-cü illə müqayisədə 60 faiz yüksəkdir. Nəticədə 2015-ci ilin sonunadək quraşdırılmış internetə qoşulmuş qurğuların bazası 2,8 milyard qurğu təşkil edəcək. “IDC” şirkətinin proqnozuna əsasən, “Əşyaların interneti” sahəsinə sərf edilmiş xərclər 1,7 trilyon ABŞ dollarını ötəcək ki, bu da  2014-cü illə müqayisədə 14 faiz yüksəkdir və 2020-ci ilədək 3 trilyon ABŞ dollarına çata bilər.


Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL