“Ultra HD” formatı gəlir
"ABI Research" analitik şirkətinin məlumatına əsasən, 2020-ci ilədək artıq 1 milyard abunəçi ödənişli televiziyadan istifadə edəcək.
Analitik şirkətin nümayəndəsi bildirib ki, əsas tendensiya bütün tip platformalarda "HD" məzmunun nüfuzetmə səviyyəsinin artımıdır. Analitiklərin hesablamasına görə, ötən ilin nəticəsinə görə qlobal ödənişli televiziya sənayesinin ümumi bazasında "HD" məzmun abunəçilərinin nüfuzetmə səviyyəsi artıq 44 faizə çatıb.
"ICTnews" elektron xəbər xidməti "iksmedia.ru" saytına istinadən bildirir ki, "HD" məzmunun nüfuzetmə səviyyəsi üzrə ən böyük göstərici Qərbi Avropa və Şimali Amerikada qeydə alınıb. "ABI Research"in proqnozuna görə, 2020-ci ildə "HD" məzmunun qlobal abunə bazasındakı nüfuzetmə səviyyəsi 60 faizə çata bilər.
Məntiqli görünən odur ki, ödənişli televiziya sənayesinin inkişafında növbəti mühüm mərhələ "4K/Ultra HD" xidmətlərinə keçid olacaq. ABŞ-ın "DirecTV" peyk provayderi "HD DVR" əlavəsi əsasında öz abunəçiləri üçün dünyada ilk "4K" xidmətini istifadəyə verib. Cari ilin martında "DirecTV"-nin vitse-prezidenti Filip Qosvits "4K" texnologiyasını peyk sənayesi üçün "killer application" adlandırıb. O hesab edir ki, 2020-ci ilədək onun şirkəti "Ultra HD" formatında təxminən 50-70 telekanal yayımlayacaq.
Peyk operatorları "Ultra HD" formatına daha sürətli keçirlər. 2015-ci ilin martında "J-Sat"a məxsus Yaponiyanın "SkyPerfecTV" operatoru "4K/Ultra HD TV" formatında iki kanalın yayımına başlayıb. Bu, ödənişli televiziya sənayesi üçün əlamətdar hadisə olub, çünki hazırda dünyada əlçatan "4K" kanalların sayı barmaqla sayılası qədərdir; onların əksəriyyəti sınaq variantında yayımlanır. "SkyPerfecTV" operatoru kanalların yayımlanmasına təxminən 200 milyon yen (təxminən 1,6 milyon dollar) sərmayə yatırıb.
Yaponiyanın "NHK" yayım şirkəti cari il ilk "4K" formatlı kanalını sınaqdan keçirəcək və 2018-ci ilədək artıq bazara üç belə kommersiya kanalı çıxarmalıdır. Şirkət 2020-ci ilədək 6 belə kanal istifadəyə verməyə hazırlaşır, onlardan biri "8K" ("Super Hi Vision") formatında yayımlanacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL