“NASA”: “Curiosity” Marsda suyun mövcudluğu ilə bağlı yeni sübutlar aşkar edib”
ABŞ-ın "Curiosity" kosmik aparatı Mars planetində suyun mövcud olmasını sübut edən yeni mineral maddələr aşkar edib. Bu barədə ABŞ Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) məlumatında deyilir.
Hazırda Qeyl kraterini tədqiq edən aparat qarşısında əvvəllər Marsda iqlimin necə olmasını təyin etmək, planetin geoloji quruluşunu müəyyənləşdirmək, həyatın mikrob formalarının mümkün mövcudluğunu aşkar etmək, eləcə də suyun mövcudluğu ilə bağlı sübutlar toplamaq kimi bir neçə vəzifə durur.
Əldə olunan fotoşəkillər sayəsində "NASA" mütəxəssisləri müəyyənləşdiriblər ki, Eolid dağı (qeyri-rəsmi adı Şarp dağı) yaxınlığında Qarden-siti ərazisində iki min tona yaxın mineral mənbə var. Onlar şəffaf və tünd komponentlərdən ibarətdir. Bunların biri gipsdir, ikincisi isə hələ ki tədqiqatçılara məlum deyil.
Bildirilir ki, belə maddələr adətən əvvəllər səthin çatları ilə müxtəlif mineralları özündə birləşdirən mayelərin axdığı yerlərdə olur. Alimlər əmindirlər ki, maye ətraf dağ süxurlarının kimyəvi tərkibinə də təsir edib. "Əgər bu belədirsə, onda mineral maddələr çox güman, geoloji süxurlardır ki, bunlar da Marsda olan süxurlarla müqayisədə eroziyaya qarşı daha davamlıdır", - rəsmi məlumatda qeyd olunur.
ABŞ-ın "Curiosity" kosmik aparatı Marsa 6 avqust 2012-ci ildə eniş edib. Aparatın üst səthində müxtəlif cihazlarla təchiz edilən 74 kiloqramlıq elmi laboratoriya quraşdırılıb. Onların köməyi ilə aparat süxur növlərini tədqiq edir. Ekspedisiyada başlıca məqsəd Marsda nə vaxtsa həyatın bu və ya digər formada yaranması üçün şəraitin aşkar edilməsidir.
Aparatın uzunluğu 2,8 metr, çəkisi 900 kiloqram təşkil edir. "Curiosity" "NASA" tərəfindən indiyədək Qırmızı planetin üzərinə buraxılan bütün aparatları uzunluğuna görə 2 dəfə, ağırlığına görə 5 dəfə üstələyir. Bu elmi laboratoriya diametri 50 santimetr təşkil edən üç cüt təkərə malikdir və onlardan hər biri fərdi güс qurğusu ilə hərəkətə gətirilir. Aparatın ön və arxa tərəfləri xüsusi dönmə mexanizmləri ilə təchiz edilib. "Curiosity" hündürlüyü 75 santimetr olan maneələri dəf edir və yerində 360 dərəcə tam dönə bilir.
"NASA" Qırmızı planetdə ümumilikdə 687 Yer günü qalacağı planlaşdırılan "Curiosity" layihəsinə 2,5 milyard dollar vəsait xərcləyib, - "TASS" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL