waplog

Sığorta sahəsində elektronlaşmanın tətbiqi genişləndirilib


Azərbaycanda sığorta sahəsində elektronlaşmanın tətbiqi və bir sıra xidmətlərin onlayn qaydada göstərilməsi bu sektor üzrə fəaliyyətin daha da genişlənməsinə şərait yaradıb. Hazırda ölkədə fəaliyyət göstərən bütün sığortaedənlər ödənişləri onlayn rejimdə təqdim edirlər və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq yerli orqanlarına köçürülür.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  adıçəkilən fondun sədr müavini Zakir Babayev məlumat verib. “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda keçirilən təqdimat-seminarda jurnalistlərə açıqlama verən Z.Babayevin sözlərinə görə, Azərbaycanın sığorta sistemində tətbiq edilən elektronlaşma dünyada təcrübədən keçmiş sistemdir. O qeyd edib ki, hazırda məcburi dövlət sosial sığorta haqları üzrə olan hesabatlar da elektron qaydada təqdim edilir: “Bu məsələdə əldə etdiyimiz uğurların nəticəsi olaraq Dünya Bankının “Doing Bisness” reytinq cədvəlində məcburi dövlət sosial sığorta haqları üzrə onlayn rejimdə ödənişlərin edilməsi və eyni zamanda hesabatların elektron qaydada təqdim olunması nəticəsində Azərbaycan 32 pillə irəliləyib”.
 
 
DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlərin hər bir müavinət növü üzrə ayrıca təşkil olunduğunu qeyd edən Z.Babayev deyib ki, bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur:
 
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinət bura daxildir”.
 
 
 Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL