Vətəndaşlar poçt şöbələrində quraşdırılacaq infoköşklərdən ünvanlı sosial yardım üçün elektron formada müraciət edəcəklər
Hazırda ölkə başçısının 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması üçün elektron əsaslar üzərində texniki infrastrukturun hazırlanması işləri aparılır.
Azərbaycana məxsus bu yeni sistemin tətbiqi vətəndaşlara fərdi kommunikasiya vasitələri və ya poçt şöbələrində xüsusi olaraq quraşdırılacaq infoköşklərdən ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı yaradacaq.
Vətəndaşların bu yardımı almaq hüquqlarına baxılması üçün lazımi arayış və məlumatlar isə müvafiq dövlət qurumlarının informasiya resurslarından elektron formada əldə edilməklə, yardım təyinatı tam avtomatlaşmış sistem əsasında aparılacaq. Bu isə ünvanlı yardım təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına, aztəminatlı ailələrin ünvanlı sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət başçısının ötən ay imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti də bir ildən iki ilədək uzadılıb. Bu da əksəriyyəti təkrar olaraq ünvanlı yardım alan ailələrin hər il yenidən sənəd toplayaraq təqdim etmək çətinliyindən azad olmasına, bu yardımların təyinatında vətəndaş-məmur təmaslarının xeyli azalmasına yönəlib.
2015-ci ilin mart ayında respublikamızda 111391 ailə (485927 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32437 ailə (141348 nəfər ailə üzvü) və ya 22,5 % azdır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL