Xarici ölkələrdə təhsil üzrə müsabiqəyə ərizələr yalnız elektron qaydada qəbul ediləcək
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sonuncu müsabiqə elan olunur.
Müsabiqə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 09.02.2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları üçün keçirilir.
Sənədlərin qəbulu 15 aprel - 15 iyul 2015-ci il tarixləri ərzində elektron ərizə
(http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il, saat 23:59-dur.
Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. İddiaçılar elektron ərizə vasitəsilə müraciətlərinin mövcud vəziyyəti və mərhələləri barədə məlumatlandırılacaqlar.
Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir.
Nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər. Prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaq. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli ixtisas istiqamətlərinə veriləcək.
Yüksək texnologiyalar sahəsi xaricdə təhsillə bağlı birinci dərəcəli prioritet ixtisas istiqamətləri sırasına daxil edilib. Gənclər Dövlət Proqramı çərçivəsində ümumilikdə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.
Texniki və texnoloji ixtisaslar üzrə gənclərin seçə biləcəyi təhsil müəssisələrinə gəlincə, bakalavrdan sonrakı təhsil səviyyəsi üzrə tələbələr ABŞ-da Kaliforniya Texnologiya İnstitutu, Corciya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutu, Almaniyada Berlin Texniki Universiteti, Braunşveyqa Texniki Universiteti, Clausthal Texniki Universiteti, Darmştadt Texniki Universiteti, Dortmundun Texniki Universiteti, Drezden Texniki Universiteti, İlmenau Texniki Universiteti, Münhen Texniki Universiteti, Avstriyada Vyana Texnologiya Universiteti, Belarusda Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Texniki Universiteti, Böyük Britaniyada Mançester Universiteti, Oksford Universiteti, Çexiyada Çexiya Texniki Universiteti, Çində Honkonq Elm və Texnologiya Universiteti, Çin Elm və Texnologiya Universitetində təhsil ala bilərlər.
Bakalavr pilləsindən sonrakı təhsil səviyyəsi üzrə gənclərimiz Estoniyada Tallin Texnologiya Universiteti, Finlandiyada Helsinki Texnologiya Universiteti, Fransada Yüksək Tədqiqatlar Məktəbi, Telekommunikasiya Milli Məktəbi, Politexnik Məktəbi, Tuluza Aeronavtika və Kosmonavtika İnstitutu, Strasburq Universiteti, Kompen Texnologiya Universiteti və s. qabaqcıl təhsil müəssisələrini seçə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL