Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını dedi.
Dövlətimizin başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirdi. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib.
Dövlətimizin başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırdı. Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğuladı, ölkəmizdə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır. Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı. Bildirdi ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Prezident İlham Əliyev vurğuladı ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır. Dövlətimizin başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxundu.
Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğuladı. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirdi, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxundu, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu dedi. Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə etdi, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğuladı. Bu il daha 3 “ASAN xidmət” mərkəzinin açılacağını deyən dövlətimizin başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verdi. Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL