waplog

Cenevrədə yeni informasiya texnologiyaları dövründə poçtun rolu müzakirə edilir


Cenevrədə Kot-d'İvuar prezidentinin sədrliyi ilə Ümumdünya Poçt İttifaqının ikigünlük konfransı keçirilir. İştirakçılara müraciət edən BMT-nin Baş katibi Pan Gi Mun poçtun insanların gündəlik həyatında mühüm rolunu və onun ölkələrin sosial-iqtisadi inkişafına töhfəsini vurğulayıb.
 
"Ümumdünya Poçt İttifaqı və dünyanın poçt xidmətləri gələcəyimizin möhkəm təməllər üzərində qurulması üzrə birgə səylərimizdə mühüm rol oynayır" - Pan Gi Mun deyib.
 
"ICTnews" elektron xəbər xidməti "un.org" saytına istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr (təxminən 40 nazir, poçt idarələrinin direktorları və beynəlxalq təşkilatların nümayəndələri) konfransda iştirak edirlər. Onlar dəyişikliklər və yeni informasiya və rabitə texnologiyaları dövründə poçtun rolunu müzakirə edəcəklər.
 
Poçt şöbələri gündəlik milyardlarla insana xidmət göstərir. Onlar 350 milyarddan çox məktub və milyardlarla bağlamanı emal edirlər. Yazılı korrespondensiyanın çatdırılması üzrə ənənəvi xidmətlər əvvəlki kimi poçt gəlirinin 40 faizini təşkil edir.
 
Bu gün poçt şöbələri bir çox elektron, maliyyə və logistika xidməti təklif edir. Poçt xidmətinin gəlirinin böyük hissəsi elektron ticarətin payına düşür. Hazırda internet üzərindən alış-verişin çox hissəsi poçt vasitəsilə çatdırılır. Artıq elektron ticarətin həcmi ildə 1,5 trilyon ABŞ dollarından çoxdur.
 
Ancaq elektron poçt xidmətləri əhalinin bütün təbəqələrinə və dünyanın bütün ölkələrində əlçatan deyil. Afrikada 50 mindən çox poçt şöbəsi indiyədək internetə çıxış imkanına malik deyil. Görüş iştirakçıları başqa problemlərlə yanaşı, həmçinin Afrikada poçt xidmətinin modernləşdirilməsi yollarını da müzakirə edirlər. Bu məsələ son dərəcə aktualdır, çünki Afrika qitəsinin əhalisinin təxminən 80 faizi ucqar ərazilərdə yaşayır.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL