waplog

“Microsoft” və “Yahoo!” internet axtarış bazarında əməkdaşlığı davam etdirməyə qərar veriblər


“Microsoft” və “Yahoo!” şirkətləri arasındakı əməkdaşlığın pozulması haqda yayılmış şayiələrin əksinə olaraq ABŞ şirkətləri internet axtarış bazarında yeni razılaşma imzalayıblar. Müqavilə “Yahoo!”-nun kompüter və mobil qurğularda axtarış nəticələri üzərində nəzarətinin güclənməsini nəzərdə tutur.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə “Yahoo!” və “Microsoft” şirkətlərinin imzaladığı 10 illik razılaşmaya əsasən, “Yahoo!” axtarış sistemi “Bing” mühərrikindən istifadəyə başlayıb və “Microsoft” korporasiyası tərəfdaşının axtarış sistemində reklam satışlarından 12 faiz gəlir əldə edib.

“Yahoo!” rəhbərliyi doğrulmamış ümidlər səbəbindən dəfələrlə bu birliyi pozmaq niyyətini elan edib. Müqavilə müddətinin yarısının başa çatması (2015-ci ilin fevralında) ilə əlaqədar şirkətlər əməkdaşlığı bitirə və ya onun şərtlərinə yenidən baxa bilərdilər. Məlum olduğu kimi, şirkətlər ikinci variantı seçiblər.

Yeni razılaşmaya əsasən, fərdi kompüter istifadəçiləri tərəfindən generasiya edilən axtarış trafikinin 51 faizinə “Bing Ads” reklamı, digər hissəsinə “Yahoo Gemini” və ya tərəfdaşların reklamı əlavə ediləcək. Yeni razılaşma hər iki tərəf üçün qarşılıqlı sərfəli görünür.

“comScore” analitik şirkətinin 2015-ci ilin fevralına olan məlumatına əsasən, ABŞ-ın internet axtarış bazarında “Yahoo!” və “Bing”in birgə payı 32,6 faizədək yüksəlib. Xatırladaq ki, 2009-cu ildə bu göstərici 28 faiz idi.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL