Bakıda “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib.
26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan tədbir Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), Müəllif Hüquqları Agentliyi (MHA) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə baş tutub.
SMPDK-nın sədri Ramiz Həsənov son dövrlərdə əqli mülkiyyətin iqtisadiyyatdakı payının artmasını vurğulayıb. Əqli mülkiyyətin iqtisadi inkişafın vacib elementinə çevrildiyini deyən komitə sədri ölkəmiz üçün də əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyətini diqqətə çatdırıb:
“ Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması vacib əhəmiyyət daşıyır”.
Əqli mülkiyyət hüquqlarının qorunmasından söz açan AMEA prezidenti, akademik Akif Əlizadə iqtisadiyyatın qlobal və regional səviyyədə rəqabətə davamlılığının gücləndirilməsinə də toxunub.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov isə qeyd edib ki, intellektual mülkiyyət innovasiya iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin güclü amili sayılır. Nazir müavini bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadiyyatın innovativ inkişafının diqqət mərkəzində olduğunu bildirib:
“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə yüksək texnologiyalar, informasiya texnologiyalarına böyük ümidlər bəslənilir. Bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sektorunda da öz bəhrəsini verməkdədir”.
Azərbaycanın İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər, əldə edilən nailiyyətlər, perspektiv planlardan da söz açan İ.Məmmədov ölkəmizin bir çox göstəricilər üzrə MDB regionunda lider mövqeyə malik olduğunu vurğulayıb:
“Ümumilikdə, ölkəmiz İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, son 10 ildə ölkəmiz dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutmuş, İKT-nin inkişafına görə 49-cu yer, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı yer tutur. Bununla bərabər görüləcək işlər çoxdur. İntellektual mülkiyyətə, yüksək texnologiyalara əsaslanan və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalını təmin etmək üçün yeni iqtisadi, hüquqi və təşkilati idarəetmə mexanizmləri tələb edilir. Artıq bu istiqamətdə ölkəmizin iqtisadi siyasətində bir neçə əsaslı addımlar atılıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər sənaye və texnoloji parklar şəbəkəsi, o cümlədən bizim nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park” yaradılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə KÜR zavodunun bazasında Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb və onun idarə edilməsi nazirliyin tabeliyində olan “YT Park”a həvalə olunub. Hal-hazırda, burada İT məhsulları istehsal etmək üçün tanınmış İT şirkətləri ilə danışıqlar aparılır”.
Nazirin birinci müavini bütün bunların intellektual mülkiyyətin qorunmasını vacib amil kimi önə çıxardığını qeyd edib:
“Ölkəmizdə, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu istiqamətdə ciddi addımlar atılır. Dövlət orqanlarında istifadə olunan kompüterlərin “Microsoft International” şirkətinin proqram təminatı ilə lisenziyalaşdırılması üçün RYTN ilə adı çəkilən şirkət arasında 2011-ci ildə imzalanmış “Enterprise Agreement” Sazişi çərçivəsində “Microsoft” şirkətinin məhsulları olan “MS Windows 7 Enterprise” əməliyyat sistemi və “Office Professional Plus 2010” ofis proqramı üçün 10000 ədəd daimi lisenziya alınaraq mərkəzi icra hakimiyyəti orqanlarına verilib. Hal-hazırda dövlət orqanlarında istifadə olunan kompüterlərin lisenziyalaşdırılmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün “Microsoft” şirkəti ilə danışıqlar aparılır.
RYTN və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində verilən bütün kompüterlər lisenziyalı proqram təminatı ilə təchiz olunur. Artıq bu layihə çərçivəsində 25300-dən çox kompüter orta məktəb müəllimlərinə, şagirdlərinə, həmçinin ali təhsil müəssisələrinin müəllim və tələbələrinə güzəştli şərtlərlə verilib”. İ.Məmmədov RYTN-də Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK 05) fəaliyyət göstərdiyini də diqqətə çatdırıb:
“Ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri TK 05-in üzv təşkilatlarının sırasında təmsil olunur. 2008-ci ildən fəaliyyət göstərən bu komitə tərəfindən informasiya təhlükəsizliyi, proqram mühəndisliyi, biometriya, rəqəmli TV, terminologiya sahələrində, ümumilikdə 40-a yaxın milli standart hazırlanaraq qəbul edilmiş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınaraq tətbiq olunur. Lakin bu sahədə görüləcək işlər çoxdur. İKT sektorunun inkişafı intellektual mülkiyyətin qorunması ilə bağlı məsələləri daha da ön plana çıxarır, həmçinin yeni məsələlərin həllini zəruri edir. İstehsal olunan məhsulların rəqabətə davamlı olması və bazara çıxa bilməsi üçün intellektual mülkiyyətin qorunması təmin olunmalıdır. Bu gün ölkəmizdə genişlənən “start-up” hərəkatı da bu məsələyə xüsusi diqqət verməyimizi tələb edir. Texnoloji parklarda fəaliyyət göstərən “start-up”çıların ideyaları qorunmalıdır”.
MHA sədri Kamran İmanov isə sağlam rəqabət və ticarətin inkişafında əqli mülkiyyət hüquqlarının əsas yer tutduğunu nəzərə çatdırıb. Müstəqillik dövründə ölkəmizdə yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və müəllif hüquqlarının qorunması sahəsində görülən mühüm işlərdən söz açan K.İmanov xüsusən 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun qəbul edilməsi ilə qanunvericilik bazasının yaradılması üçün yeni mərhələnin bünövrəsinin qoyulduğunu qeyd edib:
“Bu sahədə qanunvericilik sistemimiz milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla qurulub, yeni informasiya cəmiyyətinin inkişafından və “biliklərə əsaslanan iqtisadiyyat”dan irəli gələn tələblər nəzərə alınmaqla, daim təkmilləşib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu günü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və milli hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırır. Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə təşkilatın bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb”.
Agentlik sədri ölkəmizdə həyata keçirilən tədbirlərdən, o cümlədən rəqəmli şəbəkələrdə müəllif hüquqları obyektlərinin istifadəsi, onlara əlçatanlığın təmin edilməsi, Azərbaycanın tarixi-mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi və plagiat edilməsinin qarşısının alınması və digər məsələlərə həsr edilmiş çoxsaylı beynəlxalq və milli seminarlardan da söz açıb. Daha sonra tədbirdə Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov və digər qonaqlar çıxışlarında bu günün əhəmiyyəti, əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyi və digər məqamlara toxunaraq, öz fikirlərini paylaşıblar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL