waplog

Azərbaycan məktəbliləri ABŞ-da keçiriləcək “Intel İSEF” sərgisində iştirak edəcəklər


“Intel” Beynəlxalq Elm və Mühəndislik Müsabiqəsi”nə (İSEF) milli seçim turu olan “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 3 layihənin müəllifi “İntel İSEF” sərgisində iştirak etmək hüququ qazanıblar.
 
Sözügedən sərgi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək. Daha bir məktəbli isə aşağı sinif şagirdi olmasına baxmayaraq, perspektivli layihə ilə çıxış etdiyinə görə xüsusi mükafata layiq görülərək, həmin müsabiqədə müşahidəçi qismində iştirak edəcək.
 
Təhsil Nazirliyindən bildirilib ki, innovativ fikir yarışması olan bu müsabiqə ilə bağlı film də hazırlanıb. Filmdə 12-14 fevral 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş müsabiqənin əhəmiyyəti və məqsədi haqqında ətraflı məlumat verilir:
 
“Builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-si fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib. Müsabiqəyə təqdim olunmuş layihələr 8 nominasiya üzrə qiymətləndirilib. İlk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub”.
 
 
Qeyd edək ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən “Intel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfuzlu beynəlxalq tədbirə seçim turudur. Hər il “Intel” müəllimlərə öyrətmək, tələbələrə öyrənmək, dünyadakı universitetlərə isə xüsusilə riyaziyyat, elm və texnologiya sahələrində yeniliklər etmək üçün 100 milyon ABŞ dolları investisiya edir.
 
Bugünkü gənc alimlərin nailiyyətlərinin tanınması və mükafatlandırılmasına yönələn “Intel”-in Elm müsabiqələri də şirkətin fəaliyyətində ayrıca yer tutur. Belə ki, “Intel” Beynəlxalq Elm və Mühəndislik Müsabiqəsi” və “Intel”-in Elm sahəsində İstedad Axtarışı (STS) riyaziyyat, təbii elmlər və mühəndislik sahələrində bilikləri təkmilləşdirir və tələbələri bu sahələrdə karyeralarını davam etdirməyə ruhlandırır.
 
“Intel İSEF” 13-18 yaşlı şagirdlər arasında keçirilən ən böyük müsabiqədir. Bu müsabiqədə  dünyanın 70-dən artıq ölkəsində keçirilən 435 regional müsabiqələrində seçilmiş 1700-dən çox gənc - gələcəyin alimləri, ixtiraçıları, sahibkarları iştirak edir. Mükafat fondu 5 milyon ABŞ dolları olan bu sərginin əsas mükafatları “Intel” korporasiyası və “İntel Fondation” tərəfindən ayrılır.
 
Bundan əlavə onlarla kompaniya, qeyri-kommersiya təşkilatları, təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən də xüsusi mükafatlar təsis edilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL