waplog

Poçt sahəsinin inkişafı istiqamətində Cenevrədə beynəlxalq tədbir keçirilib


İsveçrənin Cenevrə şəhərində Ümumdünya Poçt İttifaqının Strateji Konfransı keçirilib.

Konfransda 136 ölkənin Poçt Administrasiyasından 800-dən çox iştirakçı ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri,  həmçinin elektron ticarət nəhəngi “eBay” şirkətinin əməkdaşları iştirak edib.
 
Bu beynəlxalq tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edib.
 
Konfrans bir neçə sessiya və panellər üzrə baş tutub. Sessiyalardakı müzakirələrdə  bildirilib ki, poçt fəaliyyəti dünya iqtisadiyyatının bir hissəsidir və dəyişən dünyada cəmiyyətin tələblərinə uyğun poçt xidməti də transformasiya olunmalıdır.
 
Qeyd olunub ki, ÜPİ-nin üzvü olan hər bir ölkənin Təyin Olunmuş Poçt Operatoru (TOPO) daxili bazarı öyrənməli və müştərilərin istək və problemlərini nəzərə almaqla buna uyğun operativ tədbirləri görməlidirlər.
 
 
Konfransda sürətlə dəyişən iqtisadi ortamdan geri qalmamaq tövsiyə olunub  ki, iqtisadiyyatda olan hazırkı natarazlıq hər bir şəxsə, işgüzar mərkəzlərə və maliyyə infrastrukturlarına, o cümlədən poçt sahəsinə də  ciddi təsir göstərməkdədir. Bunu da əsasən poçt sahəsində ənənəvi poçt xidmətlərinin (əsasən məktubların) azalması yolu ilə baş verdiyi qeyd edilərək, son illər ərzində dünyada xüsusilə də inkişaf etmiş ölkələrdə məktub korrespondensiyasının həcminin kəskin şəkildə azalmaqda olduğu vurğulanıb. Amma bağlamaların həcmi, xüsusilə də içərisində e-ticarət yolu ilə sifariş edilən mallar olan bağlamalar gündən-günə artmaqdadır.
 
 Hazırda ümumilikdə göndərilən bağlamaların 3/2 hissəsini elektron ticarət göndərişlər təşkil edir ki, bunların da əksər hissəsi özəl poçt operatorları, müəyyən qismi isə EMS xidməti vasitəsilə çatdırılır.
 
 
Konfransda innovativ məhsullar və xidmətlərin tətbiqinin çox vacib olduğu qeyd edilərək bildirilib ki, bütün dövrlərdə, ümumistifadəli poçt xidmətlərinin təşkilində innovasiyalar tətbiq olunub. Hazırkı dövrdə isə  bu, daha çevik və daha effektli şəkildə həyata keçirilməlidir. İnkişaf etməkdə olan ölkələrin hər birində yeni texnologiyaların tətbiqi zəruriliyi və təcrübələr konfrans iştirakçılarına təqdim olunub.
 
Vurğulanıb ki, elektron sənədlərin poçt vasitəsilə (rəqəmsal poçt) verilməsi və bütövlükdə e-xidmətlərdən poçt kifayət qədər gəlir əldə edə bilər.
 
Konfransda elektron ticarət çağırışlarına geniş yer verilib. Bildirilib ki, e-ticarətin poçtun kommersiya sektoru kimi inkişafında müstəsna rolu vardır və hazırkı dövrdə e-kommersiya bütövlükdə ÜPİ-nin və onun üzvlərinin fəaliyyətində çox önəmli strateji istiqamət hesab olunur. Bu baxımdan müzakirə iştirakçıları bazarın, istifadəçilərin və poçtun istismarı üzrə tələblərin ödənilməsi istiqamətində ÜPİ tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edirlər.
 
 
Konfransda, həmçinin effektiv tənzimləmənin olması və poçt xidmətlərinin bazarda rəqabətdə uğurla iştirak etməklə müştərilərə ehtiyaclarına uyğun xidmətlər təklif etmək və bununla da bütün dünyada müştərilərin maraqlarının qorunmasını təmin etmək tövsiyə olunub.
 
 
Burada maliyyə məsələlərinə diqqət çəkilərək bildirilib ki, dünyada banklardan sonra poçt xidmətləri və onların maliyyə müəssisələri poçt-maliyyə xidmətlərinin təşkilində ikinci iştirakçı hesab olunur. Artan tələblər nəzərə alınaraq, poçt xidmətləri daim bu sahədə daha çox necə faydalı olmaq imkanlarını nəzərdən keçirməlidirlər. Hazırda dünyada milyardlarla insan poçt vasitəsilə əsas pulköçürmələrini həyata keçirir və 1,5 mlrd. ədəddən çox poçt əmanət və ya depozit hesabları açılıb.
 
İştirakçılar bu sahədə olan mövcud problemləri, maliyyə xidmətlərinin göstərilməsində poçt xidmətlərinin potensial imkanlarından maksimum istifadənin mümkünlüyü və hökumətin dəstəyi ilə  maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılmasında poçtun rolu barədə təkliflər veriblər.
 
 
Azərbaycan tərəfi də poçt sahəsinin gələcək inkişafı üçün bir sıra təkliflər irəli sürüb.
 
 Təkliflərə ölkəmizə daxil olan bağlamaların EMS vasitəsilə daşınması və çatdırılması məqsədilə EMS-in e-kommersiya platformalarında tanıdılması və ölkə daxilində təşviqi üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsini, poçt bazarındakı mürəkkəb vəziyyət nəzərə alınaraq “Azərpoçt” MMC-nin inkişafı üçün əlavə imkanların yaradılmasına dəstək verilməsi, İnnovasiyayönümlü məhsul və xidmətlərin poçt sahəsində tətbiqi məqsədilə MMC-də müvafiq işçi qrupu yaradılması, e-xidmətlərin verilməsində yaxından iştirak etmək məqsədilə bir sıra “ASAN xidmət”lərinin kənd yerlərində poçt şöbələri vasitəsilə həyata keçirilməsinin mümkünlüyünə baxılması, elektron  ticarətin kommersiya sektoru kimi poçtun inkişafında müstəsna rolu və ÜPİ tərəfindən strateji istiqamət hesab olunduğu nəzərə alınaraq bu sahəyə ölkəmizdə diqqətin artırılması, İKT-nin İnkişafı Fondunun dəstəyi ilə regional e-kommersiya platformasının yaradılması və ondan faydalanmaq imkanlarının araşdırılması və sair bu kimi məsələlər daxildir.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL