waplog

Ümumdünya Poçt İttifaqının tövsiyəsi əsasında keçirilən növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti epistolyar inşa müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
 
 Tədbirdə çıxış edən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktorunun müavini Sübhan Kazımov qeyd edib ki, ənənəvi olaraq bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə - Bern şəhərinə göndərilib:
 
“Bununla əlaqədar olaraq üç mövzu üzrə inşa müsabiqəsinə start verilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib. Müsabiqənin mövzularına 15 yaşa qədər olan məktəblilər  arasında “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz o torpaqlara qayıdacağıq!” fikri, eləcə də “Xalq qəhrəmanları ilə tanınır”  mövzuları daxildir. Birinci mövzu ÜPİ, ikinci mövzu “Azərpoçt” MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib”.
 
 
Tədbirdə qeyd edilib ki, 1969-cu ildə Tokio konqresində əsası qoyulmuş inşa müsabiqəsi ÜPİ tərəfindən bu il 44-cü dəfə təşkil olunur. Azərbaycan Poçt Müdiriyyəti bu müsabiqədə 2001-ci ildən iştirak etməyə başlayıb. Ölkəmizdə epistolyar inşa müsabiqəsi artıq 15-ci dəfə keçirilir:
 
 “Müsabiqənin şərtlərinə uyğun olaraq, ÜPİ-nin üzvü olan hər bir ölkədə bu müsabiqə keçirilir və qalib yazılar 30 aprel tarixindən gec olmayaraq, ÜPİ-nin Beynəlxalq Bürosunun ünvanına göndərilir. Beynəlxalq Büro tərəfindən həmin inşa yazıları toplanır və YUNESKO tərəfindən təşkil olunmuş münsiflər heyətinə təqdim edilir. Münsiflər  heyəti üç ən yaxşı qalibi və 5 laureatı müəyyən edir”. 
 
 
Beləliklə, ölkə üzrə keçirilən müsabiqəyə 2007-2008-ci ilin yekunlarına  görə, 20565, 2008-2009-cu tədris ilində 23478, 2009-2010-cu tədris ilində  36500, 2010-2011-ci tədris ilində 37478, 2011-2012-ci tədris ilində  39152, 2012-2013-cü tədris ilində  40057, 2013-2014-cü tədris ilində 45660 ədəd yazı verilib. Bu il isə müsabiqəyə ən yüksək rəqəm – 60595 inşa yazısı daxil olub.
 
Qaliblərə 1-ci yerdə hər bir mövzu üzrə 1 nəfər olmaqla, 3 nəfər – hər biri 150 manat;  2-ci yerdə hər bir mövzu üzrə 2 nəfər olmaqla, 6 nəfər – hər biri  100 manat; 3-cü yerdə hər bir mövzu üzrə 3 nəfər olmaqla, 9 nəfər – hər biri 80 manat məbləğində pul mükafatları və fəxri fərmanlar təqdim olunub.
 
Həvəsləndirici yerin sahibləri hər bir mövzu üzrə 4 nəfər, ümumilikdə isə  12 nəfər olmaqla, hər biri 50 manat məbləğində pul mükafatı qazanıblar.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL