Elektron ticarət fiziki poçt xidmətlərini inkişaf etdirir
Bu gün müasir informasiya texnologiyalarının poçt sahəsində tətbiqi poçtun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bütün dünyada olduğu kimi, Azərbaycan poçtunda da fiziki poçt xidmətlərinin inkişaf perspektivi birbaşa elektron ticarətlə bağlıdır.
Bu haqda "Rabitə dünyası"na Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov məlumat verib. Şöbə rəisi qeyd edib ki, sifarişin verilməsi və sifariş haqqının ödənilməsi internet üzərindən aparılsa da, sifariş olunmuş malın ünvana çatdırılması poçt vasitəsilə həyata keçirilir:
"Bu isə ənənəvi poçt xidmətlərinə olan tələbatın heç vaxt azalmayacağının əsas göstəricisidir. Son dövrdə Azərbaycan əhalisinin internet üzərindən alış-verişə olan marağının xeyli dərəcədə yüksəlməsi daxil olan beynəlxalq poçt göndərişlərinin, xüsusilə də kiçik paketlərin sayının əsaslı surətdə artmasına səbəb olub. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son üç ildə daxil olan beynəlxalq kiçik paketlərin həcmində hər il əvvəlki illə müqayisədə 50 faizdən çox artım müşahidə olunub".
Nüsrət Səmədovun sözlərinə görə, ölkədə elektron ticarətin daha güclü inkişafı, bu sahədə vətəndaşların rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində Azərbaycan hökuməti tərəfindən mühüm addımlar atılıb, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük qaydaları yenidən işlənib:
"Bu qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər. Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edirdi. Bu, vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq. Bu sahədə poçt müəssisələrinin də üzərinə vəzifələr düşür və bununla bağlı "Azərpoçt" tərəfindən bəzi tədbirlər artıq həyata keçirilməkdədir".
Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də "SMS-bildiriş" xidməti göstərilir. Daxil olan beynəlxalq poçt göndərişinin üzərində alıcının telefon nömrəsi varsa, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir. Bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir:
"Bu xidmətin tətbiqi artıq öz müsbət nəticəsini verib. Beynəlxalq kiçik paket və bağlamaların çatdırılması xeyli dərəcədə sürətlənib".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL