İyulun 1-dən etibarən müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq
Təhsil Nazirliyində müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinə başlanılacaq. Nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi digər zəruri təşkilati məsələlərin yerinə yetirilməsini də təmin etməlidir.
Müvafiq tədbir təhsil naziri Mikayıl Cabbarovun "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrində əksini tapıb.
Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları" təsdiqlənib. Əmrdə qeyd edilib ki, Qaydalara uyğun olaraq, yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə elektron proqram təminatına daxil edilməsini təmin etməlidirlər.
Qaydalara uyğun olaraq, müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu 3 mərhələdən ibarət olmaqla (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin I mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyır.
Müsabiqənin II mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. Müsabiqənin III mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılır.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun olmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Qeyd edək ki, 01-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 01-15 iyul 2015-ci il tarixlərində isə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu təşkil olunacaq. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələri nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL