waplog

Azərbaycan İKT təcrübəsi “Tallin - İKT Həftəsi 2015”-də yüksək qiymətləndirilib


Bu həftə Estoniyanın paytaxtı Tallin şəhərində ilin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən olan ənənəvi "İKT Həftəsi 2015" ("ICT Week  2015") keçirilir.
 
Tədbir çərçivəsində bütöv bir həftə ərzində İKT sahəsində çalışan dünyanın müxtəlif yerlərindən olan ekspertlər, dövlət və özəl sektor nümayəndələri fikir mübadiləsi və yeni əlaqələrin yaradılması, eləcə də hökumət və özəl sektorda İKT sahəsində əldə edilmiş ən son nailiyyətlərlə tanış olmaq imkanı əldə ediblər.
 
Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti də iştirak edir.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi heyətin tərkibində eyniadlı nazirliyin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət), ADA Universitetinin, "B.EST Solutions", "Microsoft Azərbaycan" və digər təşkilatların nümayəndələri təmsil olunur.
 
"İKT Həftəsi 2015" çərçivəsində baş tutan əsas tədbirlərdən biri də elektron hökumətə dair beynəlxalq konfrans (Tallinn e-Governance Conference 2015) olub.
 
 Estoniyanın Elektron İdarəetmə Akademiyası tərəfindən təşkil edilən və effektiv e-idarəetmə məsələlərinə həsr edilən konfransa dünyanın 36 ölkəsindən elektron idarəetmə və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssislər, yüksəkvəzifəli rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların, biznes sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıb.
 
 Konfransın rəsmi açılış mərasimində Estoniyanın prezidenti Toomas Hendrik İlves çıxış edərək tədbiri parlaq ideyaların müzakirəsi üçün əlverişli məkan kimi qiymətləndirib.
 
 
Qeyd edək ki, həftə ərzində baş tutan konfranslarda elektron xidmətlərin gələcəyi, Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəetmə modelləri, elektron hökumət kontekstində kibertəhlükəsizlik, şəhərlərdə elektron parkinq infrastrukturunun yaradılması və s. mövzuları əhatə edən seminarlar təşkil edilib.
 
Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər və yeni xidmətlərlə bağlı olan təcrübəsi innovativ xidmətlərin yaradılması sahəsində ən yaxşı beynəlxalq təcrübələr sırasında qeyd edilib. Konfrans ərzində tədbirin təşkilatçıları tərəfindən həmçinin "Azərbaycan – vətəndaşlar üçün effektiv elektron idarəetməni inkişaf etdirərək" adlı informasiya bukleti və "Azərbaycanın ən yaxşı təcrübəsi" adlı veb-resurs (www.azerbaijanbestpractice.com) da iştirakçılara təqdim edilib.
 
Bu məlumat vasitələrində Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilən islahatlara, vətəndaşlara göstərilən sosialyönümlü xidmətlərə və kibertəhlükəsizlik məsələlərinə dair icmallar və elektron idarəetmə və İKT sahəsi üzrə ölkənin sahib olduğu göstəriciləri əks etdirən məlumatlar əksini tapıb.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL