“Bakı 2015” I Avropa Oyunlarına hazırlıq dövründə mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb
“Bakı 2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb.
Monitorinq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sifarişinə əsasən ABŞ-ın bu sahədə ixtisaslaşmış “Global Wireless Solutions” şirkəti tərəfindən həyata keçirilib.
I Avropa Oyunlarının rabitə xidmətləri ilə təminatına dair Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən geniş toplantıda çıxış edən “Global Wireless Solutions” şirkətinin nümayəndəsi Azərbaycanın mobil rabitə şəbəkələrində aparılan test-monitorinq işlərinin nəticələri barədə məlumat verib. Belə ki, test işlərinin aparılmasına aprel ayının əvvəlindən başlanaraq may ayının 14-dək davam etdirilib.
Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülmüş və yekun hesabat hazırlanıb.
Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə edilmiş və müəyyən edilmişdir ki, operatorların bu imkanları orta hesabla 98 faiz, şəbəkənin etibarlılığı isə 96 faiz təmin olunub.
Bakı şəhərində, eləcə də Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü üzrə də yoxlamalar aparılmış və nəticə operatorlar üzrə müqayisə edilib.
Bununla belə, “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. Belə ki, “Gəzinti testi” (Walk Test), “Nəqliyyat testi” (İn-Vehicle) və “Qapalı məkan testi” (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.
Monitorinqin nəticələri hər 3 mobil operatorun nümayəndələrinin iştirakı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə edilib, hesabatda qeyd olunan texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL