waplog

Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə


Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında

 

 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

 

 

1.1.  Bu Əsasnamə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və həmin Fərmanla təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra – Nümunəvi Əsasnamə) 8.7-ci bəndinə əsasən yaradılan  texnologiyalar parkının (bundan sonra – texnopark) ekspertlər şurasının (bundan sonra –  Ekspertlər Şurası) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

 

1.2.   Bu Əsasnamədə istifadə olunan anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə tutulmuş mənaları ifadə edir.

 

1.3.  Ekspertlər Şurası texnoparkın səlahiyyətli orqanı (bundan sonra – səlahiyyətli orqan), dövlət elm və təhsil müəssisəsinin yanında yaradılan texnoparklarda isə həmin müəssisə (bundan sonra - dövlət elm və təhsil müəssisəsi) tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.

 

1.4.   Ekspertlər Şurası öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, Nümunəvi Əsasnaməyə,  həmçinin bu Əsasnaməyə uyğun həyata keçirir.

 

1.5.   Ekspertlər Şurası öz fəaliyyətini səlahiyyətli orqanın (dövlət elm və təhsil müəssisəsinin) struktur bölmələri,  tabeliyində olan hüquqi şəxs statuslu qurumlar, texnoparkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat), dövlət və özəl şirkətlər, elm və təhsil müəssisələri ilə əlaqəli şəkildə qurur.

 

 

2. Ekspertlər Şurasının məqsədi, əsas vəzifələri və hüquqları

 

 

     2.1. Ekspertlər Şurası texnologiyalar parkında texnoparkın rezidenti kimi qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş ərizəçilər (bundan sonra – ərizəçi) tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin (bundan sonra – innovasiya layihəsi) qiymətləndirilməsi və müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və onların tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradılır.

 

2.2.   Ekspertlər  Şurasının əsas vəzifələri aşağıdakılardır:

 

2.2.1. ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;

 

2.2.2. texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;

 

2.2.3. səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək.

 

2.3. Ekspertlər Şurası  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

2.3.1. texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək;

 

2.3.2. səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;

 

2.3.3. innovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək.

 

 

3. İnnovasiya layihələrinin qiymətləndirilməsi qaydaları

 

 

3.1. Ərizəçilərin innovasiya layihələrinin qiymətləndirilməsi idarəedici təşkilata təqdim olunan layihələrin Nümunəvi Əsasnamənin 8.8-ci bəndi ilə müəyyən edilmiş meyarlara uyğun olub-olmamasına dair müvafiq rəyin hazırlanmasından ibarətdir.

 

3.2. İnnovasiya layihələrinin Ekspertlər Şurası tərəfindən qiymətləndirilməsi bu Əsasnamənin 5-ci hissəsinə uyğun qaydada ekspertlərin əyani və ya qiyabi iştirakı ilə həyata keçirilir.

 

3.3. Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədi ilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir.

 

3.4. İnnovasiya layihəsinin qiymətləndirilməsinə dair Ekspertlər Şurasının rəyi Şuranın iclaslarının qərarı ilə təsdiq olunur və Nümunəvi Əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş günündən gec olmayaraq, yazılı və elektron formalarda idarəedici təşkilata təqdim edilir.

 

 

4. Ekspertlər Şurasının tərkibi və fəaliyyətinin əsasları

 

 

4.1. Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 (yeddi) nəfərdən ibarət tərkibdə təşkil edilir.

 

4.2. Ekspertlər Şurasının fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsi səlahiyyətli orqan tərəfindən təmin olunur və Ekspertlər Şurasının üzvlərinin vəzifələrinin və hüquqlarının həyata keçirilməsi üzrə yaranan maliyyə xərclərini idarəedici təşkilat ödəyir.

 

4.3. Ekspertlər Şurasının tərkibi səlahiyyətli orqan tərəfindən təsdiq edilir. Ekspertər Şurasının üzvlərinin səlahiyyət müddəti 2 (iki) ildir. Ekspertlər Şurasının üzvləri növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Ekspertər Şurasının hər hansı üzvü (üzvləri) istənilən səbəbdən Ekspertlər Şurasının işində iştirak edə bilmədikdə və ya Ekspertlər Şurasının sədrinin təqdimatına əsasən Ekspertlər Şurasının tərkibindən kənarlaşdırıldıqda, səlahiyyətli orqan onun əvəzinə yeni üzv (üzvlər) təyin edir və bu təyinat barədə Ekspertlər Şurasının sədrini və idarəedici təşkilatı xəbərdar edir.

 

4.4. Ekspertlər Şurasının üzvlərinin aşağıdakı hüquqları vardır:

 

4.4.1. Ekspertlər Şurasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

 

4.4.2. Ekspertlər Şurasının iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

 

4.4.3. Ekspertlər Şurasında baxılan məsələlərə dair fikir söyləmək;

 

4.4.4. Ekspertlər Şurasının səlahiyyətlərinə aid məsələlərə Ekspertlər Şurasının iclaslarında baxılması barədə təkliflər vermək;

 

4.4.5. Ekspertlər Şurasının qərarları, iclaslarının protokolları və digər sənədlərlə tanış olmaq.

 

4.5. Ekspertlər Şurasının üzvləri:

 

4.5.1. Ekspertlər Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşır;

 

4.5.2. Ekspertlər Şurasının iclaslarını üzrsüz səbəbdən buraxmır;

 

4.5.3. Ekspertlər Şurasının üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol vermir;

 

4.5.4. Ekspertlər Şurasında baxılan məsələlər haqqında qərar qəbul edilənədək, məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləmir, innovasiya layihəsinin konfidensiallığını təmin edir.

 

4.6. Ekspertlər Şurasının üzvü aşağıdakı hallarda innovasiya layihəsinin qiymətləndirilməsində iştirak edə bilməz:

 

4.6.1. qiymətləndirilən innovasiya layihəsinə dair əmlak marağı olduqda;

 

4.6.2. innovasiya layihəsini təqdim edən ərizəçi hüquqi şəxsin təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanlarının rəhbəri olduqda;

 

4.6.3. ərizəçi fiziki şəxsin yaxın qohumu olduqda;

 

4.6.4. innovasiya layihəsinin əhatə etdiyi sahə üzrə ərizəçinin rəqibi olduqda;

 

4.6.5. ərizəçi ilə əmək münasibətlərində olduqda;

 

4.6.6. təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanlarının rəhbəri olduğu hüquqi şəxs ərizəçi hüquqi şəxsin törəmə (asılı) şəxsi olduqda.

 

4.7. Ekspertlər Şurasına  səlahiyyətli orqan tərəfindən vəzifəyə təyin və azad edilən sədr rəhbərlik edir.

 

4.8. Ekspertlər Şurasının sədri:

 

4.8.1. Ekspertlər Şurasının işini təşkil edir, iclaslarını çağırır və iclaslara sədrlik edir;

 

4.8.2. ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair Ekspertlər Şurasının rəyini  təsdiq edir;

 

4.8.3. Ekspertlər Şurasının iclaslarının protokollarını imzalayır;

 

4.8.4. Ekspertlər Şurasının üzvlərinin dəyişdirilməsinə dair səlahiyyətli orqana  təkliflər verir

 

4.8.5. müstəqil ekspert kimi cəlb olunan mütəxəssislərlə konfidensiallıq barədə müqavilə imzalayır və onlar tərəfindən innovasiya layihələri barədə məlumatların üçüncü şəxslərə ötürülməməsini təmin edir.

 

 

4.9. Ekspertlər Şurasının fəaliyyəti barədə illik hesabat Ekspertər Şurasının sədri tərəfindən hazırlanaraq, səlahiyyətli orqana və idarəedici təşkilata təqdim edilir.

 

 

5.  Ekspertlər Şurasının iclasları

 

 

5.1. Ekspertlər Şurasının iclasları  innovasiya layihələri təqdim olunduqda, habelə Ekspertlər Şurasının vəzifələrinin icrası ilə bağlı zərurət yarandığı hallarda keçirilir.

 

5.2. Ekspertlər Şurasının   iclasları   Şura   üzvlərinin   yarıdan   çoxu   iştirak   etdikdə səlahiyyətlidir.

 

5.3. Ekspertlər Şurasının  qərarları  sadə  səs çoxluğu  ilə  qəbul  edilir.  İclasda iştirak edən  Ekspertlər Şurasının üzvlərinin səsləri bərabər bölündükdə, Ekspertlər Şurasının sədrinin səsi həlledici hesab edilir.

 

5.4. Ekspertlər Şurasının üzvü iclaslarda şəxsən iştirak etməlidir. Ekspertlər Şurasının üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə, o, bu barədə Ekspertlər Şurasının sədrini əvvəlcədən məlumatlandırmalıdır. İclasda birbaşa iştirak edə bilməyən Ekspertlər Şurasının üzvü layihənin qiymətləndirilməsində qiyabi şəkildə iştirak edə bilər. Bu məqsədlə üzv əsaslandırılmış rəyini yazılı və ya elektron şəkildə Ekspertlər Şurasının sədrinə Nümunəvi Əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş gününədək göndərir. Rəyini yazılı və ya elektron formada təqdim etmiş üzv Ekspertlər Şurasının iclasında iştirak etmiş hesab edilir və səsvermədə onun səsi nəzərə alınır.

 

5.5. Ekspertlər Şurasının iclaslarına sədrliyi Ekspertlər Şurasının sədri, iclasların təşkilini və işinin əlaqələndirilməsini isə Ekspertlər Şurasının katibi yerinə yetirir.

 

5.6. Ekspertlər Şurasının katibi Ekspertlər Şurasının üzvləri olan səlahiyyətli orqanın və idarəedici təşkilatın nümayəndələri arasından seçilir və səlahiyyətli orqanın Ekspertər Şurasının tərkibi haqqında əmri ilə təsdiq edilir.

 

5.7. Ekspertlər Şurasının iclaslarında müzakirə üçün məsələlərin hazırlanması Ekspertlər Şurasının katibi tərəfindən həyata keçirilir.

 

5.8. Ekspertlər Şurasının katibi zəruri hallarda idarəedici təşkilatın müvafiq struktur bölmələrinin rəhbərlərindən və kənar təşkilatların Ekspertlər Şurasının işinə cəlb edilmiş mütəxəssislərindən müzakirə olunan məsələyə (layihəyə) dair əlavə materialları tələb edir, o cümlədən Ekspertlər Şurasının üzvü (üzvləri) əcnəbi olduqda, innovasiya layihəsinin müvafiq dilə tərcümə olunmasını təmin edir, müvafiq mütəxəssisləri müəyyən olunmuş qaydada cəlb edir.

 

5.9. Ayrı-ayrı hallarda məsələlərin müzakirəyə hazırlanması Ekspertlər Şurası tərəfindən yaradılmış işçi qrupları tərəfindən həyata keçirilir.

 

5.10. Təqdim olunan innovasiya layihəsi 1 (bir) iş günü ərzində, Ekspertlər Şurasının iclasının gündəliyinin layihəsi isə iclasa ən geci 3 (üç) iş günü qalmış Ekspertlər Şurasının katibi tərəfindən baxılmaq üçün Ekspertlər Şurasının sədrinə və üzvlərinə təqdim olunur. Ekspertlər Şurasının sədri tərəfindən 1 (bir) iş günü müddətində razılaşdırıldıqdan sonra iclasın gündəliyi müəyyən olunmuş hesab edilir.

 

5.11. Ekspertlər Şurasının iclasının gündəliyində nəzərdə tutulmuş məsələlərdən əlavə Ekspertlər Şurasının sədrinin, üzvlərinin və idarəedici təşkilatın direktorunun təklifi ilə digər məsələlər də gündəliyə daxil edilir.

 

5.12. Ekspertlər Şurasının üzvlərinə və iclasına dəvət olunan digər şəxslərə iclasın  yeri və vaxtı, iclasın gündəliyi haqqında dəqiq məlumat və lazımi materiallar iclasa ən geci 1 (bir) iş günü qalmış Ekspertlər Şurasının katibi tərəfindən göndərilir.

 

5.13. Ekspertlər Şurasının iclasları açıq keçirilir. Ekspertlər Şurasının sədrinin qərarı ilə ayrı-ayrı məsələlərə (xüsusi layihələrə və Ekspertlər Şurasının daxili intizam məsələlərinə) baxmaq üçün qapalı iclaslar keçirilə bilər.

 

5.14. Ekspertlər Şurasının iclaslarında baxılan məsələlər üzrə Ekspertlər Şurasının sədrinin razılığı ilə dövlət və özəl təşkilatların, elm, təhsil və tədqiqat müəssisələrinin və idarəedici təşkilatın nümayəndələri və müstəqil mütəxəssislər (ekspertlər) iştirak edə bilərlər.

 

 

6. Ekspertlər Şurasının iclaslarının protokolları və Ekspertlər Şurasının qərarları

 

 

6.1. Ekspertlər Şurasının iclaslarında baxılmış məsələlər, aparılmış müzakirələr və qəbul edilmiş qərarlar Ekspertlər Şurasının iclasının protokolunda qeyd edilir.

 

6.2. Ekspertlər Şurasının iclaslarının protokollarını Ekspertlər Şurasının katibi hazırlayır və iclasdan ən geci 2 (iki) iş günü sonra Ekspertlər Şurasının sədrinə imza üçün təqdim edir. Ekspertlər Şurasının iclaslarının protokolları Ekspertlər Şurasının sədri və katibi tərəfindən imzalandıqdan sonra təsdiq edilir və Ekspertlər Şurasının üzvlərinə göndərilir.

 

6.3. Ekspertlər Şurasının qərarları Ekspertlər Şurasının iclaslarının protokolu ilə rəsmiləşdirilir. Ekspertlər Şurasının qiymətləndirilmiş innovasiya layihələrinə dair rəyləri Ekspertlər Şurasının qərarları ilə təsdiq edilir və qərara əlavə olunur.

 

6.4. Ekspertlər Şurasının iclaslarında qarşıya çıxan və  Ekspertlər Şurasının qərarının qəbul olunmasını tələb etməyən operativ məsələlər üzrə Ekspertlər Şurası protokol tapşırıqları verə bilər. Belə protokol tapşırıqları iclas protokollarından çıxarışlar şəklində icraçılara çatdırılır.

 

6.5. Ekspertlər Şurasının  protokollarının və digər sənədlərin əslləri Ekspertlər Şurasının katibində saxlanılır.

 

6.6. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, Ekspertlər Şurasına daxil olan innovasiya layihələri və verilmiş rəylər barədə məlumatlar, eləcə də qəbul edilmiş qərarlar və digər sənədlər konfidensial xarakter daşıyır və onların ictimaiyyətə, həmçinin üçüncü şəxslərə açıqlanmasına yol verilmir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL