waplog

Avstriya ilə rəqəmli texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edilə bilər


Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Avstriya Respublikası ilə rəqəmli texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif  Eyvazzadə bu fikri “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası”nda səsləndirib.
 
 
Şöbə müdiri  “Rabitə dünyası”na rəqəmli texnologiyaların mədəniyyət müəssisələrinə tətbiqinin vacibliyindən danışıb:
 
“Muzey və kitabxanalarda texnoloji avadanlıqların tətbiq olunması, kitabların onlayn oxunması, muzey eksponatlarının onlayn realizə edilməsi, texnoloji avadanlıqlarla təqdimatların edilməsi, bir sözlə, mədəni irsin müasir texnoloji vasitələrlə  göstərilməsi nəzərdə tutulur. Bu, eyni zamanda o deməkdir ki, muzeyə xaricdən turist gələndə onlara məlumatların verilməsi imkanlarını genişləndirir: muzeyin daxilində məkanlar üzrə yerini dəyişdikcə, turist hansı məkana yaxınlaşarsa, o məkan haqqında avtomatik məlumatlar ötürülür. İnsanlar rəqəmi texnologiyalara əsaslanan avadanlıqlar vasitəsilə eksponat, mədəniyyət, tarix və s. haqqında məlumat əldə edirlər”.
 
Sözügedən texnologiyalar artıq bir çox muzeylərdə tətbiq edilir: “Avropanın ən yaxşı muzeylərindən biri seçilən “Qobustan” muzeyində artıq bir neçə ildir ki, müasir, rəqəmli texnologiyalar tətbiq olunur.  “Xalça muzeyi”ndə də rəqəmli texnologiyalar tətbiq olunur, məlumatları bu texnologiyalar vasitəsilə əldə etmək mümkündür. İstərdik ki, digər müəssisələrdə də bu təcrübə tətbiq olunsun. Təbii ki, bunun üçün böyük maliyyə vəsaiti tələb olunur. Maliyyə imkanları yarandıqca bu prosesin mərhələ-mərhələ aparılması nəzərdə tutulur. Eyni zamanda regionlarda da turizm zonaları inkişaf etdikcə muzeylərdə rəqəmli texnologiyaların olması vacibdir. Şəhərlə rayon arasındakı balansı qorumağa çalışırıq. Bu baxımdan da biz Avstriya ilə təcrübə mübadiləsinə maraq göstəririk. Əməkdaşlıq çərçivəsində onlara müraciət etdik ki, bizə bu sahədə əlavə təklifləri varsa, versinlər”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL