Tələbələrarası I Astronomiya Yay Məktəbi təşkil edilib
AMEA Şamaxı Astrofizika Rəsədxanası, Qafqaz Universiteti, Tusi–BOHM Planetarium” və “Azərkosmos”un təşkilatçılığı ilə Pirqulu qəsəbəsi - Şamaxı Astrofizika Rəsədxanasında Tələbələrarası I Astronomiya Yay Məktəbi (TAYM-1) fəaliyyətə başlayıb.
Ölkədaxili 8 universitetdən seçilən 40 tələbə üçün Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamları tərəfindən 7 təlim verilib.
Bununla yanaşı, proqrama bu müddət ərzində teleskopla müşahidələr, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiyalar təşkil olunmuşdur, nəhayət, proqramın sonuncu günü tələbələr “Azərkosmos”-da treninq keçərək şirkətlə yaxından tanış olublar.
Şamaxı Rəsədxanasının direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Əyyub Quliyevin məlumatına görə, belə bir yay məktəbi tələbələrin fundamental elmlərə qarşı marağının artmasına, habelə Astronomiya elminin təbliğinə ciddi təkan verəcək:
“İnanıram ki, gözəl bir ənənənin təməli qoyulur və gələn il keçiriləcək növbəti yay məktəbinin regional deyil, artıq beynəlxalq xarakter daşıyacağını və bir neçə ölkədən təlimçilərlə yanaşı, həm də tələbələrin dəvət ediləcəyini planlaşdırırıq. Buraya gələn tələbələr çox istəklidir və elmə olan maraqları bizi sevindirir. Hesab edirəm ki, tələbələr arasında fundamental elmlərin təşviqi və onların bu sahələrə cəlb edilməsi Azərbaycan elmi üçün olduqca vacibdir. Bu kimi proqramlar məhz bu hədəfə xidmət edir”.
Yay məktəbinin təşəbbüskarı Qafqaz Universiteti, Mexanika Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi və eləcə də həmin universitetdə yeni açılmış Astroklubun rəhbəri Fərid İbrahimov təəssüratını belə bölüşür:
“İlk öncə Milli Elmlər Akademiyasının, eləcə də Rəsədxana, Qafqaz Universiteti, “Tusi - Bohm Planetarium və “Azərkosmos” müəssisələrinin rəhbərliyinə çox təşəkkürümüzü bildiririk. Doğrusu, layihənin bu ölçüdə dəstəklənməsi biz tələbələri ciddi şəkildə motivasiya etdi. Bu əslində son illər Azərbaycanda tələbə-gənclərə dövlətimiz tərəfindən göstərilən qayğı və dəstəyin əməli sübutudur. Bizə göstərilən bu etimadı doğrultmaq biz tələbələrin borcudur. Belə bir layihənin baş tutmasında zəhmət çəkən hər kəsə minnətdarıq”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL