waplog

"İctimai yerlərdə quraşdırılan taksafonlar vasitəsi ilə qeyri-etik saytlara daxil olmaq qismən məhdudlaşdırıla bilər"


Son günlər sosial şəbəkələrdə Bakının ictimai yerlərində quraşdırılan taksafonlar vasitəsi ilə intim videolar yerləşdirilən saytlara daxil olaraq qeyri-əxlaqi görüntülərə baxan insanların videosu yayılıb. Video yayıldıqdan sonra məsələ virtual məkanda müzakirə mövzusuna çevrilib. Kimisi ictimai yerlərdə pornoya baxanları, kimisi də bu xidməti təşkil edənləri filtrasiya tətbiq etməməkdə qınayıb. Biz də məsələnin həm hüquqi, həm də texniki tərəflərini araşdırdıq.  

    Məlum oldu ki, Azərbaycan qanunvericiliyində sözügedən əməllə bağlı konkret maddə tövsif olunmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan Cinayət Məcəlləsində pornoqrafik materialların istehsalı, yayılması qanunla qadağan olunan əməldir və cinayət məsuliyyəti yaradır.

Bundan əlavə, 2012-ci ilin iyununda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edildiyini, bununla da uşaq təsvirlərinin, uşaqların qeyri-qanuni əməllərə cəlb edilməsi ilə bağlı təsvirlərin internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qadağan olunduğunu vurğulayan B.Məmmədovun qənaətincə, ümumi qanunvericilik pornoqrafik materialların yayılmasını qanunla qadağan olunan əməl kimi tövsif edir. Onun sözlərinə görə, burada pornoqrafik materialların kitabçalar, mobil telefonlar və ya internet vasitəsi ilə yayılması hər hansı bir fərq yaratmır:

"Şəxslərin şəhər küçələrində yerləşdirilən taksafonlar vasitəsi ilə porno saytlara daxil olması və pornoya baxmasının qarşısını almaq üçün dünyada bir çox təcrübələr var. Bura həm maarifçilik tədbirlərinin həyata keçirilməsi, həm də müəyyən filtrasiya sisteminin tətbiqi daxildir. Bu məsələ eyni zamanda televiziyalara da aiddir. Çünki porno görüntülər yayan xüsusi ödənişli TV kanallar da mövcuddur. Həmin görüntüləri yayan kanallar hər kəs üçün açıq olmur. Ona yalnız əvvəlcədən ödəniş edən şəxslər baxa bilir. Amma hər bir məsələdə əsas yanaşma budur ki, bir insanın azadlığı digərinin azadlığına qədərdir. Yəni əgər bir şəxsin belə davranışı ictimai təhlükə yaradırsa, intim görüntülərə baxmaq ictimai narazılıq, ictimai qınaq yaradırsa, bu halda ictimai asayişin pozulması kimi tövsif etmək olar. Amma tutaq ki, şəxs porno videoya baxarkən onu yaymırsa və ya cinayət məcəlləsində tövsif edilən əməllə bilavasitə məşğul deyilsə (bunu da aidiyyəti orqanlar müəyyənləşdirir), o zaman şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Çünki burada hansı qanunu pozduğu açıq şəkildə görünmür. Sözügedən əməllə bağlı xüsusi bir maddə yoxdur. Çünki şəxs pulu ödəyəndən sonra informasiya resursundan hansısa fəaliyyəti həyata keçirə, informasiya ala və ötürə, internet ünvanını yoxlaya, eləcə də müəyyən bir faydalı iş görə bilərdi. Lakin şəxs bundan imtina edib maraq dairəsində olan videoya baxıb. Onu da qeyd edək ki, həyat getdikcə mürəkkəbləşir və zənginləşir. Bu baxımdan qanunvericilik də hər nüansı incəliyinə qədər göstərə bilməz".

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev isə məsələnin texniki tərəflərindən danışarkən öncə qeyd edib ki, Azərbaycanda internet azaddır və hər bir insanın internetdə istədiyi sayta girməsində heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, internetin azad olduğu üçün sözügedən xoşagəlməz məqamların ortaya çıxması da labüddür:

" Hər bir insanın ağılı, mədəniyyəti, bilik səviyyəsi və maraq dairəsi var və buna uyğun olaraq da internetdəki informasiya resurslarından istifadə edir. İnsan ictimai yerdə porno saytına daxil olursa, ilk növbədə özü bundan utanmalı, çəkinməlidir".

İnternetin imkanlarının geniş olduğunu və ondan çox faydalı məqsədlər üçün istifadə etməyin mümkünlüyünü qeyd edən X.Kişiyev söyləyib ki, bununla belə, internetdə qeyd olunan mövzu üzrə saytların hamısını tamamilə bağlamaq mümkün deyil:

"Çünki bu istiqamətdə fəaliyyət göstərən milyonlarla sayt var. Dünya dövlətləri də bununla bağlı mübarizə aparır. Biz o saytların hansınısa bağlasaq da sonradan fərqli-fərqli adlar altında yenidən fəaliyyətə başlayırlar. Bu səbəbdən də dünya ölkələri tətbiq etdikləri filtrasiya proseslərinin fayda vermədiyini etiraf edirlər. Doğrudur, ictimai yerlərdə porno sayta baxmaq digər insanların narazılığına səbəb olan əməldir. Lakin həmin şəxsi də saxlayıb hər hansı bir cəzanı tətbiq etmək olmur. Çünki qanunda buna görə cəza tətbiqi tövsif olunmayıb".

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin məsələ ilə bağlı müəyyən işlər apardığını önə çəkən X.Kişiyev bildirib ki, texniki imkanlardan istifadə edərək ictimai yerlərdə quraşdırılan taksafonlar vasitəsi ilə porno saytlara daxil olmağın məhdudlaşdırılmasına çalışılır:

"Lakin bunun tamamilə qarşısını almaq texniki cəhətdən mümkün deyil".

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL