waplog

Bu gün Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015” I Avropa Oyunlarına start verilir


Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisə

 

 

2012-ci ilin 8 dekabr tarixi. İtaliyanın Roma şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyası keçirilir. AOK-ın üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla tarixi qərar qəbul edilir - 2015-ci ildə I Avropa Oyunlarına evsahibliyi hüququ Azərbaycana verilsin.

 

Tarixi günə aparan yol

 

Beləliklə, yalnız ölkəmiz üçün deyil, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisəyə çevrilən "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq dövrü başlayır. Bu Oyunların tarixi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması ilə əlaqədar 17 yanvar, 2013-cü il tarixli, 2665 nömrəli Sərəncam imzalayır, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva isə Təşkilat Komitəsinin sədri təyin edilir.

 

Minlərlə gənci öz ətrafında birləşdirən könüllülər hərəkatı

 

Oyunlara hazırlıq prosesi bu gün artıq bütün sahələrdə başa çatdırılıb. Proses boyunca daim diqqət mərkəzində saxlanılan vacib məsələlərdən də biri məhz I Avropa Oyunlarına təbliğatın gücləndirilməsi və genişləndirilməsi ilə bağlı olub. Qeyd etmək yerinə düşər ki, ötən il 15 aprel - 15 iyun tarixlərində ölkə ərazisindəki bütün ali təhsil müəssisələrində və kolleclərdə 150.000 min nəfər tələbə arasında I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında məlumatlılıq, könüllülüyə münasibət, idman növlərinə azarkeşlik ilə bağlı miqyasına görə ən böyük sorğu keçirilib. Sorğuda iştirak edənlərdən 109.000 min nəfəri I Avropa Oyunlarının Bakıda keçiriləcəyindən məlumatlı olduqlarını və bu mötəbər tədbirin ölkəmizə böyük fayda verəcəyinə əmin olduqlarını bildiriblər. Sorğu zamanı 25.500 nəfər I Avropa Oyunlarında iştirak etməyə hazır olduqlarını da qeyd ediblər və bundan sonra Gənclər və İdman Nazirliyi Təşkilat Komitəsi ilə birlikdə könüllülərin seçilməsinə start veriblər. Bu gün artıq Oyunların keçirilməsinə dəstək olmaq üçün minlərlə könüllü öz köməyini göstərməyə hazırdır.

 

"Bakı 2015" xatirə pul nişanlarında

 

"Bakı 2015"-in təbliğatı, eyni zamanda gələcəkdə yaddaşlarda yaşaması üçün görülən işlər də unudulmayıb. Belə ki, Azərbaycanın Mərkəzi Bankı tərəfindən belə əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb. Xatirə pul nişanları Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında hazırlanıb. Bankdan bildirilib ki, pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb. Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.

 

"Bakı 2015"-in loqosu ilə bəzənən paytaxt

 

Birinci Avropa Oyunları haqqında yerli və beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədilə indiyədək xeyli işlər görülüb. Bunlar sırasına şəhərin müxtəlif yerlərində reklam lövhələrinin yerləşdirilməsindən tutmuş, təyyarələrdə "Bakı 2015"-in loqosunun əks olunmasına qədər fərqli istiqamətlərdə təqdimat işləri daxildir. Bu gün şəhər "Bakı 2015"-in loqosunu əks etdirən reklam lövhələri ilə bəzənib. "Bakı 2015"-in təqdimatı üçün hazırlanmış ən böyük reklam lövhəsi Dənizkənarı Bulvarda yerləşən "Abşeron" mehmanxanasının binasına quraşdırılıb. Bu lövhənin hündürlüyü 60,4 metr, eni isə 32,7 metrdir. Bakıda 150-si dayanacaqda olmaqla Avropa Oyunları ilə bağlı ümumilikdə 256 reklam lövhəsi yerləşdirilib. Şəhər ətrafında müxtəlif yerlərdə "Bakı 2015"-in rəsmi simvollarını (maskotlar) təmsil edən 18-dək rənglənmiş heykəllər də quraşdırılıb.









Eyni zamanda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə məxsus minik avtomobilləri və mikroavtobuslar ilə yanaşı, 995 ədəd taksidə və eyni zamanda Azərbaycan Hava Yollarına aid 10 təyyarədə də "Bakı 2015"-in loqosu əks olunub.

 

Karyerada yüksək dönüş nöqtəsi - bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək

 

Oyunları tarixi yaddaşlarda yaşadacaq daha bir məqam medallarla bağlıdır. I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.

"Bakı 2015" qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək. Belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. Lakin mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı "Bakı 2015"-in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.






Medallara gəlincə, azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı "Bakı 2015"-in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində "Bakı 2015"-in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

 

"Medal qazana bilməyən idmançılar Bakıdan xatirə olaraq bir qədər kiçik ölçülü medallarla yola salınacaq"

 

"Bakı 2015"-in idmançılarla əlaqədar xidmətlər və əməliyyatlar üzrə direktoru Ceyms Makleod bildirib ki, "20 idman növü və müxtəlif kateqoriyalar üzrə mükafatlandırmaq üçün 2000-dən çox medal hazırlanıb. Birinci təltif olunacaq medal qadınlar üzrə Dağ Velosipedində, Bakı Veloparkında, sonuncusu isə Çimərlik futbolunun oyunçularına Avropa Oyunları parkında təqdim olunacaq. Onun sözlərinə görə, medallar qızıl, gümüş, bürünc olmaqla, hər birinin çəkisi 380 qramdır: "Biz bütün idmançıları həmin idman növündə iştirak etdiyinə görə təltif edəcəyik. Qızıl, gümüş, bürünc medalı qazana bilməyən idmançılar Bakıdan xatirə olaraq bir qədər kiçik ölçülü medallarla yola salınacaq".

 

"Güclü olan qalib gəlsin"

 

Medalların istehsal prosesini üzərinə götürən "Azərsuvenir" MMC-nin direktoru Tariyel Ağayev ilk Avropa Oyunlarının Bakıda keçirilməsini hər bir Azərbaycan vətəndaşı üçün böyük fəxr hesab edir: "Bizim birinci prinsipimiz budur: "Güclü olan qalib gəlsin".







Ceyms Makleod isə qeyd edib ki, belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq: "Bakı 2015-də mübarizə aparan idmançılar üçün ilk Avropa Oyunlarında medal qazanmaq karyera müəyyənləşdirmə anı olacaq. Medalın dizaynı Azərbaycan motivlərini yaradıcı şəkildə vurğulamaqla yanaşı, nailiyyət hissini də əks etdirir".

 

Böyük rəqabət həyəcanı: 59-u qızıl medal sahibi olmaqla ümumilikdə 150 Olimpiya medalçısı "Bakı 2015"-də öz gücünü sınayacaq

 

Dünyanın bir sıra qabaqcıl idmançıları birinci Avropa Oyunlarında mübarizə aparacaqlar. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, əlli doqquzu qızıl medal sahibi olmaqla ümumilikdə 150 Olimpiya medalçısı "Bakı 2015" Avropa Oyunlarında öz gücünü sınayacaq. Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları I Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir: "Eyni zamanda, 12-28 iyun tarixlərində keçiriləcək "Bakı 2015" yarışlarında mübarizə aparacaq 6 min idmançıdan 200-ə yaxını da Dünya çempionudur. Bu, Avropa Oyunlarında güclü rəqabətin olacağından xəbər verir".






"London 2012"-nin qızıl medalçısı: "Mən Bakıya qələbə qazanmaq üçün gedirəm"

 

Taekvondo idmançısı Ceyd Cons da Bakıya gələn Olimpiya çempionlarından biridir. "London 2012"-də qızıl medala yiyələnmiş bu idmançı Avropa Oyunları ilə bağlı bu fikirdədir: "Bakı 2015" mənim builki yarışlarım içərisində həqiqətən də ən əhəmiyyətli olanıdır. Mən "Rio 2016"-ya hazırlaşıram və orada öz titulumu qorumağa çalışacağam. Mənim və avropalı rəqiblərimin hansı səviyyədə olduğunu müəyyənləşdirmək baxımından "Bakı 2015" mənim üçün böyük bir sınaqdır. Böyük Britaniya Avropa Oyunlarına böyük komanda göndərir. Eyni zamanda bu yarış çox əyləncəli olacaq və ən əhəmiyyətlisi də mən Bakıya qələbə qazanmaq üçün gedirəm".

 

"Rio 2016"-nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı, ya da "Rio 2016"-nın təsnifat yarışlarında iştirak hüququ

 

Təşkilat Komitəsindən bildirilib ki, on iki idman növü üzrə keçirilən yarışların qalibləri növbəti Olimpiya Oyunlarında iştirak fürsəti əldə edəcəklər. "Bakı 2015" Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Bu idman növlərindən 16-sı Olimpiya idman növüdür. Bunlardan 12-də idmançılar 2016-cı ildə Braziliyanın Rio şəhərində baş tutacaq Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün imkan əldə edəcəklər.

Belə ki, idmançılar mübarizə apardıqları idman növündən asılı olaraq ya birbaşa vəsiqə qazanacaqlar, ya "Rio 2016"-nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı əldə edəcəklər, ya da "Rio 2016"-nın təsnifat yarışlarında iştirak hüququna yiyələnəcəklər.

Birbaşa vəsiqə verən idman növləri haqda məlumat verən TK-dən qeyd edilib ki, atıcılıq, stolüstü tennis və triatlon yarışlarının qalibləri Rioda keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edəcək. Stolüstü tennis və triatlon üzrə "Bakı 2015"-də keçiriləcək yarışlarda kişi və qadın idmançıların qalibləri bu vəsiqələri özləri üçün təmin edəcəyi halda, atıcılıq yarışlarında qızıl medal qazanmış idmançıların Olimpiya Oyunlarında iştirakına isə yekun qərarı bu ölkələrin Milli Olimpiya Komitələri (MOK) verəcəklər. Qeyd edək ki, "Bakı 2015"-də atıcılıq üzrə keçiriləcək 15 fərdi yarışın qalibi öz ölkəsinə kvota yeri qazandıracaq.

 

"Bakı 2015"-in idmançılara qazandırdığı imkanlar

 

Kvota yeri üçün reytinq xalı verən idman növlərinə gəlincə, "Rio 2016"-nın kvota yerlərindən birinə sahib olmaq istəyən idmançılar "Bakı 2015"-də həmin kvota yeri üçün ölkələri adına reytinq xalı əldə edə biləcəklər. Bu kateqoriyaya aid idman növlərinə kamandan oxatma, velosiped idmanı, cüdo, taekvondo, voleybol və güləş daxildir.






Belə ki, kamandan oxatma yarışlarının qalibi "Rio 2016"-da mümkün 128 kvota yerindən birini ölkəsinə qazandırmaq üçün reytinq xalı qazanacaq. Lakin hansı idmançının Olimpiya Oyunlarında iştirak edəcəyinə bu ölkələrin MOK-ları qərar verəcəklər. Eyni qayda velosiped idmanının bütün növlərində və həmçinin cüdo, taekvondo, voleybol və güləşdə də tətbiq olunacaq.

Təsnifat yarışlarına iştirak hüququ verən idman növlərinə gəldikdə isə atletika, boks və üzgüçülük yarışlarının qalibləri "Rio 2016"-nın təsnifat mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Atletika və üzgüçülük yarışlarından fərqli olaraq, boks idmanında qızıl medal sahibi ilə yanaşı, "Bakı 2015"-in gümüş medalçısı və qalibə yarımfinalda məğlub olan idmançı da təsnifat yarışlarında iştirak hüququ əldə edəcək. Belə ki, boks yarışlarında fəxri kürsünün ilk 3 pilləsinə çıxan idmançılar Dohada keçiriləcək Dünya Çempionatında iştirak edə biləcəklər və bu yarışda ən çox reytinq xalı əldə edən idmançı da ölkəsinə bir kvota yeri qazandıracaq.

 

75 ölkədən kainata açılan pəncərə

 

Bütün bu yarışlar isə kainatın hər yanına yayılacaq. İlk Avropa Oyunlarını bütün dünyaya yayımlayacaq ölkələrin sayı artıq 75-ə çatıb. Son yayım müqaviləsinin imzalandığı kanal "Fox Sport Afrika" teleyayım şirkəti olub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi ilə bağlanmış müqaviləyə əsasən, Afrika qitəsinin 25 dövlətində Birinci Avropa Oyunları yayımlanacaq: "Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin "Bakı 2015"-i izləməyinə imkan verir. Bu saziş Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək".






Kabel televiziyası olan "Fox Sport Afrika" yarışları, eləcə də açılış və bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb ki, bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

 

"Bakı 2015"-in əməliyyatlar üzrə baş direktoru: "Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır"

 

"Bakı 2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq son yayım müqaviləsi ilə bağlı fikrini belə paylaşıb: "Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir Birinci Avropa Oyunları olduğu üçün, yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin "Bakı 2015"-ə yeni tərəfdaşımız "Fox Sport Africa" yayım şirkəti də daxil olmaqla, dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam. Açılış mərasiminə az qalmış Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır".

 

"Elit idman tədbiri beynəlxalq marağa sahib olur"

 

"Fox Sport Africa" televiziya şirkətinin kanallar üzrə direktoru Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: "Biz izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. "Bakı 2015" Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz, dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu - Bakı 2015-in tərəfdaşı olmaqdan qürur duyuruq".

Ümumiyyətlə isə Oyunlar Türkiyə, Rusiya, Yunanıstan, Finlandiya, İspaniya, Avstraliya, Portuqaliya, Estoniya, Latviya və Sloveniya, İran, Kuba, Serbiya, Xorvatiya, İrlandiya, Çin, Polşa, İtaliya, Hindistan, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə yayımlanacaq.

 

Və ... artıq hər şey hazırdır

 

Və ... artıq hər şey hazırdır. On səkkiz idman obyekti birinci Avropa Oyunlarının başlanmasını gözləyir. Şəhərin 4 əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman obyekti I Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazırdır. Bu obyektlərdən biri olan Bakı Olimpiya Stadionu Avropa Oyunlarının Açılış və Bağlanış mərasimlərinə ev sahibliyi edəcək. Həmçinin burada növbəti illər ərzində futbol üzrə Azərbaycan milli komandasının ev oyunları da keçiriləcək.

 

12 idman obyekti "Bakı 2015" yarışlarından sonra Oyunların mirası olaraq qalacaq

 

Beşi yeni olmaqla, 12 idman obyekti "Bakı 2015" yarışlarından sonra Oyunların mirası olaraq qalacaq. Bunlar Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionudur. Hazırlıqları yenicə tamamlanmış Voterpol Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Parkı, triatlon və velosiped yarışlarının keçiriləcəyi idman obyektləri isə yalnız Avropa Oyunları zamanı fəaliyyət göstərəcək müvəqqəti obyektlər sırasındadır. Bundan başqa 1042 mənzildən ibarət olan Atletlər Kəndi ilə yanaşı, 10 təlim-məşq və qeyri-yarış obyekti də Oyunlar zamanı idmançılara xidmət göstərəcək.

 

Təntənəli an: Birinci Avropa Oyunlarının Açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq

 

Bu gün keçiriləcək Açılış mərasimini "az.baku2015.com" saytında da canlı izləmək mümkün olacaq: "Gözlənilən an çox yaxındadır. Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır. Birinci Avropa Oyunlarının Açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim "az.baku2015.com" saytında və bütün dünyada canlı nümayiş olunacaq".





"Bakı 2015"-in möhtəşəm Açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dmitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

 

İlk Avropa Oyunlarına evsahibliyi Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da yüksəldəcək

 

Beləliklə, ölkədə idman, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr və tədbirlər ölkənin sosial-iqtisadi, milli-mənəvi dəyərlərinin inkişafına verdiyi böyük töhfələrlə yanaşı, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməkdədir. Avropa Oyunlarının dünya idman tarixində ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisə hesab edilir və bu tədbirin keçirilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu daha da yüksələcək.

 

Həqiqət İSABALAYEVA



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL