waplog

Şon Parker - MƏŞHUR PROQRAMÇI VƏ MİLYARDER


Siyasətçilər üçün sosial şəbəkə yaratması ilə yenidən gündəmdədir

 

  

"Persona" rubrikasında bu dəfə həyat yolunu və fəaliyyətini işıqlandıracağımız məşhur proqramçı və milyarder Şon Parker bir neçə gün öncə siyasətçilər üçün "Brigade" sosial şəbəkəsini təqdim etməsi ilə yenidən gündəmə gəldi. Şon Parker kimdir və o, İT sahəsinə hansı yenilikləri gətirib? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.

 

O, "Napster" musiqi mübadiləsi üçün ilk açıq saytı təqdim etdikdən sonra məşhurlaşdı. Layihə internetdə musiqi dünyasını dəyişdirdi. Parker "Facebook" sosial şəbəkəsinin işində də aktiv iştirak edib. Sosial şəbəkədən ayrıldıqdan sonra Parker "Spotify", "Plaxo", "Causes" kimi perspektivli startaplara sərmayə qoymağa başlayıb.

 

"Menlo Ventures" fondunun partnyoru Şervin Pişvar Parkeri belə təsvir edir: "O, çoxlarının illərlə fikir vermədiyi siqnalları tutur və trendləri görür".

 

Parker heç kəsə lazım olmayan nəyisə ixtira etməkdənsə, real problemlərə diqqət yetirməyə üstünlük verir. "Napster" internet vasitəsilə musiqi mübadiləsini mümkün etməklə CD disklərdən imtina etməyə imkan yaratdı. "Facebook" insanları internetin ənənəvi anonim dünyasında öz real şəxsiyyətlərindən istifadə etməyə məcbur etdi.
 

 

Proqramçı olmağa çalışırdı, ictimai işlərə məhkum edildi

 

 

Şon Parker 1979-cu ildə Virciniya ştatının Herndon şəhərində dünyaya gəlib. Şon 7 yaşında olarkən atası onu ilk dəfə proqramlaşdırma ilə tanış edir. Parker Virciniya ştatının Ferfaks dairəsində Okton məktəbində oxuyur, 1996-cı ildə Çantili məktəbinə keçir.

 

Yeniyetmə yaşlarında Parker maraqla haker texnologiyalarına yiyələnirdi və proqramçı olmağa hazırlaşırdı. Yeri gəlmişkən, bir dəfə, Parker məşq edərkən vaxtında sistemdən çıxmağa macal tapmamış və onun ID-ni evə FTB agentlərini gətirib çıxarmışdı. Kompüter götürülmüşdü, amma Şon yaşı az olduğuna görə həbsdən canını qurtara bilmişdi, onu ictimai işlərə məhkum etmişdilər.

 

İnformatika üzrə Virciniya ştatı olimpiadasında qalib olduqdan sonra Parker axtarış robotu üzərində işləməyə kömək edir və Mərkəzi Kəşfiyyat İdarəsinə cəlb edilir. Parker orta məktəbin son sinfində müxtəlif layihələrdən 80 min dollar pul qazanır. Bu da Şonun kolleci atması və sahibkar kimi karyerasına davam etməsinə səbəb olur.

 

Milyonlarla insanı cəlb edən xidmətin yaradıcılarından biri

 

 

Şon Parker 1999-cu ildə Şon Fenninq, Con Fenninq və Cordan Ritter ilə birlikdə "Napster" fayl mübadiləsi şəbəkəsini yaradır. Yarandığı ilk ildə xidmət milyonlarla insanı cəlb edə bildi. Bu xidmət zamanında öz tərzinə görə unikal idi. Belə ki, şəbəkə istifadəçilərinə tamamilə azad şəkildə musiqi mübadiləsi imkanı verirdi. Napster ilk geniş istifadə edilən p2p (peer-to-peer) fayl mübadiləsi xidməti idi və internetdən istifadə edən insanlara güclü təsir göstərdi.

 

Təbii ki, musiqi sənayesi işlərin belə getməsindən narazı idi. Parker və Fenninq dərhal Amerika Səsyazma Şirkətləri Assosiasiyasının (Recording Industry Association of America) hücumlarının obyekti oldular.

 

Beləliklə, Napster 2001-ci ildə səsyazma sənayesinin təzyiqi altında bağlanmağa məcbur oldu. Baxmayaraq ki, Napster məhkəmənin qərarı üzrə dayandırılmışdı, xidmət nəzarət edilməsi daha mürəkkəb olan peer-to-peer şəbəkənin meydana çıxmasına gətirib çıxardı.

 

Məlumat üçün qeyd edək ki, 2003-cü ildə xidmət musiqini tamamilə qanuni əsaslarla təklif edərək fəaliyyətini yenidən bərpa edib. 2008-ci ilin payızında xidmət 121 milyona "Best Buy" şirkəti tərəfindən alınıb. Bu məbləğin 67 milyonu investisiyaya gedib, "Napster"-in xalis qiyməti isə 54 milyon dollar təşkil edib. O zaman xidmətin auditoriyası təxminən 700 min abunəçidən ibarət idi. Köhnə musiqi veb-xidmətlərindən biri olan "Rhapsody" şirkəti 2011-ci ilin sonunda "Napster" musiqi xidmətini alıb.

 

 

Qısa "Facebook" dövrü

 

 

Parker 2002-ci ildə "Plaxo" xidmətini təqdim etdi. Bu, 2002-ci ilin "Microsoft Outlook"-la inteqrasiya olunmuş onlayn rejimdə işləyən ünvan kitabçası oldu.

 

Şon 2004-cü ildə "Facebook"-un yaradıcısı Mark Zukerberq ilə əməkdaşlığa başladı. O, layihənin prezidenti postunu tutaraq gəlirin 7 faizini əldə edirdi. Lakin o, bu postda qısa müddət işlədi, 2005-ci ildə "Facebook"dan ayrıldı. Parkerin "Facebook"-un fəaliyyətinin təşkilində mühüm xidmətləri olub.

 

Parker 2006-cı ildə San-Fransiskoda "Founders Fund" təsisçilərinin tərkibinə daxil oldu.
 

 

Parkerin yeni layihəsi


 

Şon Parker bir neçə gün əvvəl yeni işini - siyasətçilər üçün "Brigade" sosial şəbəkəsini təqdim etdi. Yeni şəbəkənin dünyada insanlara "Facebook"un yoluna qoya bilmədiyi problemlərin həllində kömək edəcəyi güman edilir. Şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.

 

Bundan başqa, sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə bilərlər.

 

Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib. Perspektivdə belə birlik saf əqidəyə malik aktiv qrupa və ya yeni siyasi qüvvəyə çevrilə bilər.

 

Ş.Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək. "Brigade" həmçinin siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq.
 

 

Mürəkkəb və maraqlı şəxsiyyət...


 

Parker parlaq ideyaların katalizatorudur. Bunun nəticəsidir ki, o, indi internetə nəzarət edən əksər insanlarla bu və ya digər dərəcədə işləməyə vaxt tapıb.

 

Parker filantropdur, o bir çox layihələrə - xərçənglə və malyariya ilə mübarizəyə, ekoloji və digər layihələrə böyük məbləğdə pul xərcləyir.

 

Ümumiyyətlə, Şon Parker mürəkkəb və çox maraqlı şəxsiyyətdir. Şonu şəxsən tanıyanlar iddia edirlər ki, bəzən görünən odur ki, o, özünün bütün layihələrini bir məqsədlə buraxır - əylənmək. Həqiqətən zəngin Parker həyatın füsunkar əyyaşı kimi görünür. Əslində bütün bunların arxasında qeyri-adi bacarıq durur. Parker bu bacarıq sayəsində böyük məbləğdə gəlir gətirən layihələri reallaşdıra bilir.

 

Onu da qeyd edək ki, Şon Parker rejissoru Devid Finçer olduğu 2010-cu ildə çəkilən "The Social Network" (Sosial şəbəkə) filminin personajlarından biri olub. Bu film Parkerin məşhurlaşmasında böyük rol oynadı, KİV onun haqqında maraqlanmağa başladı, ondan əvvəl Parker şəxsiyyəti heç də geniş ictimaiyyəti maraqlandırmırdı.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL