waplog

“Elektron gömrük xidmətləri: Gələcəyə baxış”


Bakıda “Elektron gömrük xidmətləri: Gələcəyə baxış” III beynəlxalq elmi-praktiki konfransı öz işinə başlamışdır.

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 25 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.

Tədbirdə çıxış edən DGK-nın sədri, gömrük xidməti general- leytenantı Aydın Əliyev bildirmişdir ki, məqsəd gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi, gömrük xidmətində bu texnologiyaların gələcək inkişaf istiqamətlərini müəyyən etməkdir.

Komitə sədri vurğulamışdır ki, Azərbaycanın dinamik inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu getdikcə artmaqdadır. Son illər ölkəmizdə İKT-nin inkişafı sahəsində ciddi addımlar atılır.

Hazırkı dövrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, “Qara qızılın intellektual qızıla çevrilməsi” tezisinə əsasən həyata keçirilən layihələr dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür.

DGK-da İKT-nin tətbiqinə 1999-cu ildən başlanmışdır. Həmin vaxtdan başlayaraq Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi əhəmiyyət verərək bu sahədə köklü islahatlar aparmışdır.

Elektron gömrük xidmətinin yüksək səviyyədə beynəlxalq tələblərə uyğun həyata keçirilməsini təşkil etmək məqsədi ilə “Dövlət Gömrük Komitəsində “İKT-nin inkişaf strategiyası” işlənmişdir.

Natiq məlumat vermişdir ki, DGK üzrə yazışmalar artıq elektron yolla həyata keçirilir. Eyni zamanda, “bir pəncərə” prinsipinin tətbiqi genişləndirilir. Elektron bəyannamə sahəsində də müəyyən addımlar atılır.

Bu iş də başa çatandan sonra “Elektron hökumət” layihəsi çərçivəsində gömrüyə aid olan bütün məsələlərin yerinə yetirilməsinə nail olunacaqdır.

İkigünlük konfrans öz işini “Gömrük xidmətində İKT və elektron gömrük xidmətləri”, “Gömrük-biznes əməkdaşlığında İKT-nin rolu”, “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili” bölmələrində davam etdirəcəkdir.

Tədbirdə gömrük xidmətində informasiya-kommunikasiya texnologiyaları, “e-gömrük” xidmətləri, gömrük-biznes əməkdaşlığında İKT-nin rolu və dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili və digər məsələlər müzakirə ediləcəkdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL