waplog

Avropa Kosmik Agentliyinə yeni rəhbər təyin edilib


Avropa Kosmik Agentliyində (AKA) on iki ildə ilk dəfə baş direktor dəyişikliyi baş verib. Səlahiyyət müddəti iyunun 30-da başa çatmış fransız Jan-Jak Dordeni almaniyalı İohan-Ditrix Verner əvəzləyib. O, vəzifəsinin icrasına iyulun 1-də başlayıb. Bu barədə agentliyin saytında deyilir.
 
Yeni baş direktor bildirib ki, o, AKA-nın inkişafında Jan-Jak Dordenin yolunu davam etdirəcək. İohan-Ditrix Verner həmçinin vurğulayıb ki, kosmik tədqiqatların kommersiyalaşdırılmasına və Avropa İttifaqının təhsil, elmi və sosial təsisatları ilə əlaqələrin inkişafına böyük diqqət yetirəcək.
 
AKA Şurası Almaniya nümayəndəsinin agentliyin rəhbəri vəzifəsinə namizədliyini 18 dekabr 2014-cü ildə yekdilliklə dəstəkləməklə onu dördillik müddətə seçib. Mütəxəssis yeni vəzifəyə təyin olunmamışdan əvvəl - 2007-ci ilin martından Almaniya Aviasiya və Kosmonavtika Mərkəzinin İcraçı Direktorlar Şurasına rəhbərlik edib.
 
1946-cı ildə anadan olan Jan-Jak Dorden AKA-ya on iki il rəhbərlik etməklə bu vəzifədə rekorda imza atıb. O, 2003-cü ildə vəzifəyə təyin olunandan sonra üç dəfə yenidən baş direktor seçilib.
 
1975-ci ildə yaradılan AKA hazırda özündə Avropanın 22 ölkəsini, eləcə də assosiativ üzv olan Kanadanı birləşdirir. Agentliyin proqramlarında iştirak onun iştirakçılarının verdiyi maliyyə və texniki dəstəklər ilə müəyyənləşdirilir. AKA büdcəsinin 50 faizi Fransa, Almaniya və İtaliya tərəfindən formalaşdırılıb.
 
Mənzil-qərargahı Parisdə yerləşən agentlik Avropanın əsas aerokosmik konsernləri, o cümlədən “Airbus” və “Thales” ilə sıx əməkdaşlıq edir. Bundan başqa, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromu agentliyin sərəncamındadır. AKA-nın tabeliyində “Ariane 5” Avropa ağır raketlər proqramı, “Galileo” peyk sistemləri, eləcə də bir neçə kosmik tədqiqat layihələri fəaliyyət göstərir, - "Lenta” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL