Görkəmli alim Cəlal Əliyevin 87 illik yubileyinə həsr olunmuş konfrans keçirilib (FOTOLAR)
Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə görkəmli alim Cəlal Əliyevin 87 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbir akademik Cəlal Əliyevin elmi fəaliyyətini əks etdirən "Elm həqiqətdir" adlı filmin nümayişi ilə işinə başlayıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Cəlal Əliyevin taleyinin elmə bağlılığından danışıb. Hər alimin tarixdə öz dəsti-xətti ilə tanındığını deyən A.Əlizadə qeyd edib ki, C.Əliyevin nailiyyətləri elmin tarixini yaradıb:
"Cəlal Əliyev bizə böyük məktəb qoyub. Onun məktəbində bu gün nəinki Azərbaycanda, eləcə də ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində işləyən elmi kadrlar hazırlanıb. Onun yetişdirdiyi bu məktəb alimin ideologiyasını önə çıxarır. Elm yalnız öz çərçivəsində qala bilməz. Bu baxımdan, akademik həm beynəlxalq aləmdə gedən prosesləri Azərbaycana gətirib, həm də öz tədqiqatlarının nəticələrini xaricə çatdırıb. Cəlal Əliyevin şəxsi keyfiyyətlərindən də söz açmaq istərdim. O, son dərəcə ciddi, tələbkar, eyni zamanda da mərd bir insandır".
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov C. Əliyevin elmi fəaliyyətində multidisiplinar yanaşmadan söz açıb.
Nazir qeyd edib ki, hələ ötən əsrin 70-ci illərindən akademikin rəhbərliyi ilə bioloji problemlərin həllinə biologiya ilə bərabər, riyaziyyat və kompüter kimi elmi sahələrdən mütəxəssislərin cəlbinə başlanılıb, bununla da elmdə bioinformatika kimi yeni tədqiqat istiqamətlərinin yaranmasına yol açılıb.
Nazir alimin dünya elmində qazandığı yüksək nəticələri ilə yanaşı, bir insan kimi diqqət çəkən ali şəxsi keyfiyyətlərə malik olduğunu da diqqətə çatdırıb.
Akademik Əhliman Əmiraslanov akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda bitkilərin genetik resurslarını əks etdirən genbankın yaradıldığını, eləcə də müasir biologiyada, tibdə, həmçinin kənd təsərrüfatında tədqiqatların bioetik problemlərinin öyrənildiyini nəzərə çatdırıb. Tarixə səyahət edən Ə.Əmiraslanov akademikin elm yolunda verdiyi qurbanlardan söz açıb:
"Vaxt olub ki, akademiyanın institutlarını bağlamaq istəyiblər, əmlakını ələ keçirmək istəyiblər. O zaman Cəlal Əliyev sinəsini qabağa verib, Azərbaycan elmini qoruyub. Xoşbəxt taleli adamdır. Hər elm adamına böyük məktəb yaratmaq nəsib olmur. Onun tələbələrinin, yetirmələrinin səsi digər qitələrdən gəlir".
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova da akademik Cəlal Əliyevin elmi fəaliyyətində çox böyük məktəb yaratdığını vurğulayaraq, bu gün onun tələbələrinin dünyanın bir çox nüfuzlu qurumlarında nailiyyətlər əldə etdiyini qeyd edib.
Daha sonra "Elm həqiqətdir" filminin rejissoru Cahangir Zeynallı ekran əsərinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin köməyi ilə ərsə gəldiyini vurğulayaraq, çəkilişlərdə verdiyi dəstəyə görə RYTN-ə minnətdarlığını ifadə edib.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov Cəlal Əliyevlə aralarında 10 yaş fərq olduğunu vurğulayaraq, akademiklə gənc yaşlarından başlanan tanışlıqlarını, eləcə də maraqlı xatirələrini paylaşıb. Alimin hələ gəncliyindən böyük elm fədaisi olduğunu vurğulayan F.Heydərov onunla dostluq münasibətlərindən də söz açıb, akademiki yüksək şəxsi keyfiyyətlərə malik bir insan kimi dəyərləndirib.
Milli Məclisin üzvü Eldar İbrahimov, Cəlal Əliyevin tələbəsi olmuş Novruz Quliyev də çıxışlarında akademikin elmi fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə verdiyi töhfələrdən söz açıblar.
Tədbirin sonunda AMEA-nın müxbir üzvü Validə Əlizadə "Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi" adlı kitabın təqdimatını edib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL