waplog

“Horizon-2020” Çərçivə Proqramı üzrə “IncoNet” ŞT layihəsi ilə bağlı müzakirələr başlayıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının “Horizon-2020” Çərçivə Proqramı üzrə “IncoNet” ŞT layihəsi - Şərq Tərəfdaşlığı ölkələri ilə beynəlxalq əməkdaşlıq şəbəkəsi çərçivəsində tədbir öz işinə başlayıb.
 
Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində keçirilən tədbirdə azərbaycanlı nümayəndələrlə yanaşı, Fransa, Polşa, Macarıstan, Yunanıstan və bir çox ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər.
 
 
AMEA-dan qeyd edilib ki, Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva “Horizon-2020”-nin əhəmiyyətindən danışıb, Şərq Tərəfdaşlığı ölkələri üzrə enerji, iqlim dəyişiklikləri, sağlamlıq və ətraf mühitlə bağlı bir sıra məsələlərin müzakirə olunacağını bildirib.

Qeyd edib ki, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edən layihə əsasında fikir mübadiləsi aparılan sahələr Avropa İttifaqının 2014-2020-ci illərə dair sosial prioritetləri sırasına daxil olan məsələlərdəndir və sözügedən istiqamətlər elmi, texnoloji, innovativ əməkdaşlıq üçün əsas kimi müəyyənləşdirilib.
 
 
Yunanıstanlı mütəxəssis Rafail Koumeri isə elmi və texnoloji yeniliklərə əsaslanan innovativ layihələrdən, transmilli əməkdaşlıq və proqramı əhatə edən müxtəlif istiqamətlərdən söz açıb. Layihələrdə istər təhsil və akademik qurumlar, istərsə də dövlət və özəl müəssisələrin iştirak edə biləcəyini vurğulayan mütəxəssis demoqrafik dəyişikliklər, sağlamlıq, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, davamlı memarlıq, bio-iqtisadi təhlükələr və bu sahədəki araşdırmalar, eləcə də yaşıllaşdırma və iqlim hərəkatının cəmiyyətin sağlamlaşdırılmasına təsirində əldə edilən nailiyyətləri “Horizon-2020”-nin sosial uğurları kimi qeyd edib.
 
 
Daha sonra Regional İnnovativ Texnologiyalar Akademiyasının (RITA) direktoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev "Horizon-2020" Çərçivə Proqramında azərbaycanlı alimlərin iştirak imkanları barədə ətraflı məlumat verib.

T.Babayev, həmçinin Çərçivə Proqramı-7 (FP7) və "Horizon-2020"-nin layihələrində Azərbaycanın nailiyyətləri mövzusunda təqdimatla çıxış edib.
 
 Avropa Komissiyasının araşdırma və inkişaf proqramları, o cümlədən görüş və tədbirlərinə Azərbaycandan olan nümayəndələrin də qatıldığını söyləyən alim azərbaycanlıların layihələrdə önəmli araşdırma mövzuları ilə iştirak etdiklərini və bu istiqamətdə gələcəkdə də bir çox işlərin həyata keçiriləcəyini vurğulayıb.
 
 
İyulun 2-nə qədər davam edən tədbirin ikinci günü müraciət edən layihələr üçün qoyulan tələblər, müraciətin növləri və layihələrin mövzuları ətrafında müzakirələr aparılacaq.
 
 
 
Həqiqət İsabalayeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL