Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi elmi nəticələri və prioritet istiqamətləri açıqlayıb
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) yaradılan prototip tipli məhsullar davamlı iqtisadi artımı təmin edən enerji qənaətli və ətraf mühit strategiyası əsasında sənayeləşməyə keçid mərhələsindədir. Bu isə özlüyündə əsas elmi araşdırma (Basic Research)- texnologiyanın yaradılması və inkişafı (CoreTech Research) – prototipin yaradılması (Product Development) -sənayeyə keçid (Industrialization) sxemi ilə həyata keçirilir”.
Bu fikirləri Mərkəzin direktoru Sevda Abdullayeva söyləyib. O, “ICTnews” Elektron Xəbər Xidmətinə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi mərkəzdə istiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) Karbonnanoborular alınıb, eyni zamanda, polimer materiallara tətbiqləri öyrənilib.
İlk dəfə YTTM-də hazırlanıb
Onun sözlərinə görə, YTTM-də LED-lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu çeviricilər (Driver-Intelligent and isolated power supply) hazırlanıb. Belə ki, LED driverlərin qurulmasında çox vacib olan məsələ giriş gərginliyinin dəyişməsindən asılı olmayaraq çıxışda sabit qidalandırıcı gərginliyin əldə olunmasıdır. Yeni tip qida blokunda bu məsələ aşağıdakı kimi həll olunub:
Adi yarımkeçirici diod körpüsündən sonra gərginlik paylayıcı qismində iki ardıcıl qoşulmuş müqavimətdən istifadə olunur. Lakin bu müqavimətlərdən biri varistor kimi xidmət edir.
İlk dəfə olaraq Varistor 5%-lik Karbon nanoborular əsasında YTTM-də hazırlanıb. Bu tip varistorların üstünlüyü ondan ibarətdir ki, öz kiçik ölçülərinə baxmayaraq yüksək cərəyan şiddəti buraxmaq qabiliyyətinə malikdir. Bu da LED işıqlanmada lazimi gücün əldə olunması baxımından çox mühümdür. Karbon nanoboruları varistorun keçiriciliyinin dəyişdiyi qeyri-xətti oblastından istifadə edilib.
Diod körpüsünün çıxışında gərginliyin artması ilə varistora düşən gərginlik azalacaq və ya əksinə. Beləliklə, çıxışda stabilizəolunmuş gərginlik təmin olunacaqdır.
Əsas texniki xarakteristika:
Xarakteristika
Qiyməti
Çıxış gərginliyi, V
15 ± 4%
Maksimal çıxış cərəyan şiddəti, A
0,4
Maksimal çıxış gücü, Vt
10
Qidalandırıcı dəyişən cərəyan gərginliyi, V
220 ±10%
Ətraf mühitin temperaturu, C
-40 - +80°
Karbon nanoboruları varistor əsasında hazırlanmış LED driver-in prinsipial elektrik sxemi:
Karbon nanoboru əsaslı SENSOR
S.Abdullayeva bildirib ki, ətraf mühitdə, istehsalatda və laboratoriyalarda müxtəlif növ sahələrin qiymətləndirilməsi və monitorinqi mühüm əhəmiyyət kəsb edir və hazırda çox aktualdır. Onun sözlərinə görə, YTTM-də 11%-lik karbon nanoborular əsasında maqnit sahəsinə həssas sensorlar hazırlanıb.
Bu cür sensorların üstünlüyü ondan ibarətdir ki, öz kiçik ölçülərinə baxmayaraq onların keçiriciliyi ətraf mühitdəki maqnit sahəsi altında kəskin dəyişir. Sensorların tərkibindəki xüsusi qatqılar onların ferromaqnit xüsusiyyətlərini qabardır və gücləndirir.
Sensorun keçiriciliyinin dəyişməsi isə bundan sonra elektronik olaraq sabit cərəyan gücləndiricisinin girişinə ötürülür, burada alınan siqnal gücləndirilir. Nəhayət, sabit cərəyan gücləndiricisinin çıxışında alınan analoq siqnal analoq-rəqəmsal çeviricilərin köməyi ilə rəqəmsal tabloya ötürülür. Praktik olaraq cihazın dərəcələnməsindən sonra ondan istehsalatın bir çox sahələrində, telekommunikasiya və rabitə texnologiyasında, o cümlədən ekoloji durumun monitorinqində geniş istifadə etmək olar.
Karbon nanoboru sensor əsasında qurulmuş maqnit sahəsini qeydedici qurğunun blok-sxemi:
Mərkəzdə alınan yüksək texnoloji məhsulların RYTN-in iştirak etdiyi beynəlxalq sərgilərində nümayiş olunduğunu vurğulayan S.Abdullayeva həyata keçirilən araşdırmaların müsbət nəticələr verdiyini, bu baxımdan işlərin davam etdirilməsinə ehtiyacın olduğunu qeyd edib.