waplog

Sosial yardımla bağlı müraciətlərin təyinatı 15 gün ərzində mobil telefona göndəriləcək SMS vasitəsilə müəyyən olunacaq


Səlim Müslümov: “Bu dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildiririk”
 
 
Cari ilin 6 ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 93 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri  prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
 
Nazir qeyd edib ki, ƏƏSMN-in fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlilliyin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə tapşırıqların icrası sürətlə təmin edilir. Hazırda nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb:
 
 
“Bu sistemin tətbiqi ölkə vətəndaşlarına ailə üzvlərindən birinə verilən notarial və vəkalətnamədən başqa hər hansı sənəd toplamadan və yerli orqanlara getmədən istənilən internet bağlantısı olan nöqtədən ünvanlı sosial yardım üçün nazirliyə elektron müraciət etmək və 15 gün ərzində mobil telefonuna göndəriləcək SMS vasitəsilə təyinat barədə məlumat almaq imkanı yaradacaq. Sistemin qurulmasını Ədliyyə Nazirliyində vəkalətnamələrin avtomatlaşdırılmış qeydiyyatı bazasının mövcudluğu son dərəcə asanlaşdırıb və bu dəstəyə görə Ədliyyə Nazirliyinə, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürümüzü bildirir və ümid edirik ki, digər dövlət orqanları da öz informasiya resurslarını bu məqsədlərdən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəsi üçün açacaqlar. Çünki vətəndaşların müraciətlərindəki məlumatlar yalnız həmin informasiyalar əsasında dəqiq yoxlanıla bilər. Dünya Bankının mütəxəssislərinin fikrincə, belə bir sistemin qurulması bütün ölkələr üçün örnək ola bilər.”
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL