waplog

AMEA “Rabitə dünyası” qəzetini təltif etdi


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Mövzunun aktuallığından söz açan AMEA prezidenti, akademik Akif Əlizadə elmi istiqamətlərin ictimaiyyətə çatdırılmasında mətbuatın rolunun vacibliyindən söz açıb. Akademiyada aparılan köklü islahatlar, elmin inkişafı və bu sahədə yenilikləri diqqətə çatdıran akademik bu yeniliklərin işıqlandırılmasında AMEA-mətbuat həmrəyliyinin mühüm kriteri olduğunu bildirib:
 
“Düzdür, indiyə qədər bu əlaqələr bir qədər zəif qurulmuşdu. Amma bu gün AMEA öz fəaliyyətində KİV-lə əməkdaşlığa üstünlük verir. Elmi fəaliyyətin işıqlandırılmasında mətbuatın rolu böyükdür”.
 
 
Milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını söyləyən Akif Əlizadə bu gün Azərbaycanda güclü medianın formalaşdığını qeyd edib. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamının mətbuatın inkışafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
 
 
Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü söyləyən AMEA rəhbəri “Əkinçi” qəzeti ilə başlanan ənənələrin uğurla davam etdirildiyini bildirib.
 
 
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb.
 
 
Tədbirin sonunda Azərbaycan Milli Elmlər Akademiyasının təbliği və elmin populyarlaşdırılmasında, elmi nailiyyətlərin və elmi-mədəni tədbirlərin işıqlandırılmasında müntəzəm iştirakına və göstərdiyi xidmətlərə görə
KİV-lər AMEA rəhbərliyi tərəfindən diplomla mükafatlandırılıb.
 
Təltif olunanlar arasında “Rabitə dünyası” da yer alıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL