waplog

Azərbaycan komandası XXVII Beynəlxalq İnformatika Olimpiadasına qatılır


26 iyul - 2 avqust tarixlərində Qazaxıstanın Almatı şəhərində şagirdlər arasında XXVII Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçiriləcək. Builki BİO Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində baş tutacaq. XXVII Beynəlxalq İnformatika Olimpiadasının təşkilatçıları Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi,  “Darın” Respublika Elmi-praktik Mərkəzi və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetidir.
 
Olimpiadada Azərbaycan məktəbliləri də iştirak edəcək. Milli komandaya Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə və Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov rəhbərlik edirlər.
 
 
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası birinci dəfə 1989-cu ildə təşkil edilib. Hər il keçirilən BİO-nun iştirakçıları adətən milli yarışların nəticələrinə görə seçilirlər. Yarış zamanı iştirakçılar alqoritmik məsələləri həll etməli və proqramlaşdırmalıdırlar. İştirakçılar fərdi yarışırlar və hər ölkədən təxminən dörddən çox olmayan iştirakçı təmsil olunur.
 
Yarışın hər günüdə iştirakçılara üç məsələni beş saat ərzində həll etmək təklif edilir. Adətən məsələnin həlli üçün “C” dilində, “C++”-da və ya “Pascal”-da proqram yazmaq tələb olunur.
 
 
Yarış qaydalarına görə, başqa iştirakçılarla ünsiyyət,  tədris ədəbiyyatından istifadə və s. ciddi qadağan edilir. Yarışdan sonra müvafiq proqramın köməyi ilə dəstləşdirilmiş (adətən 10-20 test şəklində) məxfi testlər qiymətləndirilir. Yarış günlərində alınmış ballar ayrı-ayrılıqda hər bir iştirakçı üçün cəmlənərək yekunlaşdırılır.
 
Mükafatlandırma mərasimində iştirakçılar balların ümumi miqdarı əsasında reytinqə uyğun olaraq mükafatlandırılırlar.
 
 
Növbəti BİO 2016-cı ildə ilk dəfə olaraq Rusiya Federasiyasında keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL