waplog

Qiymətli əlyazmaların rəqəmsallaşdırılması davam etdirilir


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elektron resurslar bazası zənginləşir. Belə ki, Misir Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunmuş ərəb dilində 5 min adda kitabın elektron bazası yaxın zamanlarda oxucuların istifadəsinə təqdim olunacaq.
 
Ümumiyyətə, institutda yazılı abidələrin elektron kitabxanası yaradılır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə Tədbirlər Planının “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması”nın 6.4.4. bəndinə əsasən, bu gün institutda saxlanılan əlyazmaların elektron kitabxanasının yaradılması işi müasir tələblərə uyğun şəkildə aparılır.
 
İnstitutun zəngin xəzinəsində saxlanılan Azərbaycan, türk, ərəb, fars, özbək və başqa dillərdə olan tibbə, astronomiyaya, riyaziyyat və mineralogiyaya, fəlsəfəyə, tarix və coğrafiyaya, bədii ədəbiyyata və s. aid nadir, qiymətli əlyazmaların rəqəmsallaşdırılmasının əsas məqsədi Dövlət Proqramında göstərildiyi kimi, əlyazmalardan istifadəni asanlaşdırmaq, onların mühafizəsini təmin etmək, eyni zamanda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələri olan əlyazmaların gələcək nəsillərə çatdırılmasıdır.
 
 
Hazırda əlyazmaların elektron kitabxanasının yaradılması işi davam edir. Həmçinin əlyazmaların elektron kitabxanasından istifadəni təmin etmək məqsədilə elektron kitabxananın yaradılması işi ilə yanaşı, türkdilli, ərəbdilli, farsdilli əlyazmaların elektron kataloqunun formalaşması ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə həyata keçirilir. ИРБИС-64 AKİS-i kompüterlərə yüklənib, sistemin işçı yerləri və serveri quraşdırılıb, şəbəkə yaradılıb, əməkdaşlar üçün təlim keçirilib.
 
 
Qeyd edək ki, ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vaxtaşırı yenilənir və hazırda institutun rəhbərliyi tərəfindən əldə edilmiş həmin sistemin düzəlişlər və əlavələr olunmuş son versiyası artıq tətbiq olunur.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL