waplog

Azərbaycanın ilk Tier III səviyyəli regional DATA mərkəzinin sertifikatlaşdırma mərhələsinə başlanılır


DATA mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın “Uptime” İnstitutunun mütəxəssisləri Azərbaycanın ilk Tier III səviyyəli regional DATA mərkəzinin (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) sertifikatlaşdırma mərhələsinə başlayacaqlar.
 
Avqustun  24-dən start veriləcək sertifikatlaşdırma (design certificate və facility certificate) prosesi təxminən bir həftə davam edəcək.
 
“Azerbaijan International Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki işlər üzrə direktor müavini Məzahim Quliyev qeyd edib ki, həyata keçirilən sınaq işləri uğurla tamamlanarsa, mərkəzin fəaliyyəti ilə əlaqədar hazırlanmış yekun rəy əsasında DATA mərkəzə sertifikat təqdim olunacaq.
 
 Qeyd edək ki, sözügedən sertifikat prosesin dəqiqliklə icra olunduğunu, mərkəzin fəaliyyət keyfiyyətini təsdiqləyən beynəlxalq sənəddir. Bu sertifikatın əldə olunmasını zərurətə çevirən başqa amil də var. Belə ki, beynəlxalq operatorlar trafik mübadiləsi zamanı DATA mərkəzlərin “Uptime” İnstitutunun müəyyənləşdirdiyi meyarlara cavab verməsini əsas tələb, mütləq şərt kimi irəli sürürlər.
 
Ümumilikdə isə Məlumatların Emalı və Saxlanılması Mərkəzinin oktyabr ayının 10-a qədər istismara verilməsi nəzərdə tutulur. Data mərkəzin ümumi enerji istifadəsi 2 MVt, ümumi sahəsi 1000 km2 təşkil edir: “Amma infrastruktur elə hesablanıb ki, onu genişləndirmək və yeni telekommunikasiya rəfləri əlavə etmək mümkündür. İlk mərhələdə, rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək. Azərbaycanda Data mərkəzin yaradılmasının başlıca amillərindən biri ölkəmizdə İKT sahəsinin artan xətlə inkişaf etməsi, çoxsaylı informasiya resurslarının və xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və texnologiyaların inkişafından irəli gələrək yaranan məlumat tələbatının çoxalmasıdır. Digər amil ölkəmizin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi və dünyada informasiya həcminin gündən-günə artmasıdır.
 
Ölkəmizdə belə bir mərkəzin qurulması qərara alındıqdan sonra “Uptime” İnstitutu tərəfindən müəyyənləşən və etibarlılıq səviyyəsinin əsas göstəriciləri hesab olunan kateqoriyalara müvafiq olaraq Tier III (Concurrently maintainable site infrastructure) səviyyəsində MESM-in qurulması işlərinə start verilib. “Tier III səviyyəli Məlumat mərkəzlərinin iş fəaliyyətinin 100 faizlik əmsal üzrə 99,982% etibarlılığı təmin olunacaq. Belə mərkəzlərdə il ərzində cəmi dayanma vaxtı 1,6 saat ola bilər. Bütün bunlar texniki şərtlərdə nəzərə alınmışdır və mərkəzin Tier III səviyyəsində qurulması bugünkü reallığa cavab verir, bütün mühəndis altsistemləri rezervasiya olunub. Tier III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir.
 
 Layihənin icrasında əsas hədəf MESM-i regional informasiya mərkəzinə çevirməkdir. Data mərkəzin yaradılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevriləcək. Ölkəmizdə  Tier III səviyyəli MESM-in mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq.  
 
Eyni zamanda regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bizim Data mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bundan başqa, Data mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb olunan PCİ DSS standartı da tətbiq olunacaq. Onu da qeyd etmək lazımdır ki, hər Data mərkəz maliyyə tranzaksiyalarının uğurla aparılması üçün zəruri olan bu tələblərə cavab vermək iqtidarında olmur.
 
Mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə ediləcək.
 
Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi təmin ediləcək. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyinin məlumatların qorunması ilə ciddi tələbləri sayəsində müştərilərə məlumatların toxunulmazlığına dair tam zəmanət verilir. 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL